EN

Şəhərsalma prosesində ictimai iştirakçılığın və şəffaflığın gücləndirilməsi prioritetdir - ŞƏRH

Bakı, 17 fevral, AZƏRTAC

Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumu (WUF13) urbanizasiyanın yalnız infrastruktur məsələsi deyil, həm də sosial inklüzivlik, ictimai iştirakçılıq və dayanıqlı inkişaf məsələsi olduğunu bir daha təsdiqləyir. Azərbaycan nümunəsində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma prosesi klassik “yenidənqurma” çərçivəsini aşaraq, vətəndaş mərkəzli və gələcəyə yönəlik urban transformasiya modelinə çevrilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.

O bildirib ki, rəsmi məlumatlara əsasən, 2021–2025-ci illər ərzində dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 17 milyard manatdan artıq vəsait ayrılıb. Bu investisiyaların əhəmiyyətli hissəsi yollar, elektrik və yaşayış infrastrukturu ilə yanaşı, sosial xidmətlər, təhsil müəssisələri, səhiyyə obyektləri və ictimai məkanların yaradılmasına yönəldilib. Bu isə şəhərsalmanın artıq yalnız fiziki deyil, sosial-ekosistem yanaşması ilə həyata keçirildiyini göstərir.

“Xüsusilə qeyd olunmalıdır ki, müasir şəhərsalma standartlarına görə şəhərlərin dayanıqlılığı və effektivliyi yalnız texnoloji həllərlə deyil, vətəndaşların qərarvermə prosesinə cəlb olunması ilə müəyyən edilir. Qarabağda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları texnoloji baxımdan innovativ olmaqla yanaşı, yeni sosial idarəetmə modelinin formalaşdırılması üçün də imkan yaradır. Rəqəmsal platformalar vasitəsilə kommunal xidmətlərin idarə olunması, elektron xidmətlərin tətbiqi və məlumat əsaslı planlaşdırma gələcəkdə vətəndaşların şəhər idarəçiliyində daha fəal iştirakını mümkün edə bilər.

Vətəndaş cəmiyyəti baxımından əsas prioritet məsələlərdən biri bu prosesdə ictimai iştirakçılığın institusional mexanizmlərinin gücləndirilməsidir. Beynəlxalq təcrübə göstərir ki, postmünaqişə şəhərlərində sosial dayanıqlılığın əsas göstəricilərindən biri vətəndaşların öz yaşayış mühitinin formalaşmasında iştirak səviyyəsidir. Qarabağa qayıdan əhalinin mərhələli şəkildə yerləşdirilməsi prosesi artıq başlanmışdır və rəsmi məlumatlara görə, yaxın illərdə on minlərlə vətəndaşın bu ərazilərə qayıdışı nəzərdə tutulur. Bu isə şəhərsalma qərarlarının yalnız mərkəzləşdirilmiş şəkildə deyil, yerli icmaların ehtiyac və gözləntiləri əsasında formalaşdırılmasının vacibliyini artırır”, - deyə QHT rəhbəri əlavə edib.

Ş.Səfərova qeyd edib ki, digər mühüm aspekt isə dayanıqlı inkişaf və iqlim uyğunluğudur. Qarabağın “yaşıl enerji zonası” elan edilməsi, bərpaolunan enerji layihələrinin tətbiqi və resurs səmərəliliyi prinsiplərinin inteqrasiyası Azərbaycanın urbanizasiya modelini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırır.

“WUF13 kimi qlobal platformalar Azərbaycanın bu təcrübəsini təqdim etməklə yanaşı, daha inklüziv, şəffaf və iştirakçı şəhər idarəetmə modellərini inkişaf etdirmək məqsədilə beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından mühüm imkan yaradır. Qarabağda aparılan şəhərsalma prosesi, əslində, yalnız şəhərlərin deyil, ictimai etimadın, sosial bağların və vətəndaş iştirakçılığına əsaslanan yeni urban gələcəyin qurulması prosesidir. Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hesab edirəm ki, bu mərhələdə əsas vəzifələrdən biri şəhərsalma prosesinin şəffaflığının təmin olunması, ictimai məsləhətləşmə mexanizmlərinin genişləndirilməsi və vətəndaşların yalnız benefisiar deyil, həm də urban transformasiyanın aktiv iştirakçılarına çevrilməsidir. Bu yanaşma Azərbaycanın postmünaqişə urban inkişaf modelini beynəlxalq səviyyədə nümunəvi təcrübəyə çevirə bilər”, - deyə o vurğulayıb.

 

Chosen
57
1
azertag.az

2Sources