EN

"Nyukasl"ın bizə uyğun olmayan oyun stili var" - Qurban Qurbanov

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Nyukasl"la qarşılaşacaq.

"Football-plus.az* xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Çox böyük təcrübə əldə ediləsi oyundu. Azərbaycan futbolu tarixində ilkdi. Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Ələlxüsus da bu cür rəqibə qarşı. "Nyukasl" çox tanınmış, köklü klubdu, dünyanın bir nömrəli liqasında mübarizə aparırlar. Matça hazırlaşmaq üçün vaxt az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdılar. Bu da mənə inam verdi ki, futbolçular oyunu səbirsizliklə gözləyir. Sabah ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar. "Nyukasl"ın bizə uyğun olmayan oyun stili var. Premyer-liqada bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. "Nyukasl" həm fiziki gücə malik, həm də sürətli oynayan komandadı. İnanıram ki, futbolçularım özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq.

- "Qarabağ" da daim hücum etməyə üstünlük verən komandadı. Liqa mərhələsində hər rəqiblə bir dəfə oynadız, bu dəfə bir rəqiblə iki dəfə oynayacaqsız. Buna görə sabah "Qarabağ"ın ehtiyatlı oynayacağını gözləyə bilərik?
- Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burda bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü... Ona görə də bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Nəsə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odu ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsın. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxt var, bunu düşünərik.

- Ölkə çempionatının son oyununda demişdiz ki, futbolçuların bərpası üçün 3-4 gün lazım olacaq. Komanda sabaha hazırdı?
- Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə dönməyə ehtiyac yoxdu. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdılar. Oyunun gedişatında, hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, sonradan da mübarizə aparacaqlar.

- Montiel son vaxtlar yaxşı formadadı, Kadi Borges də siyahıya qayıdıb. Oyuna kiminlə başlayacağınıza qərar vermisiz?
- Kadinin dönməsi bizim üçün xoşdu. Əlimizdə əlavə variantdı. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik.

- Nəriman Axundzadə siyahıda yoxdu. Əlavə kimisə sifariş etmək olar?
- Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.

- Sabahkı matç "Qarabağ" üçün nə ifadə edir? İlk oyunda qalib gəlsəz, mərhələ adlamaq şansınız çoxalacaq?
- Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit "Nyukasl"dı. Amma minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidi, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm.

- Sabah Mateuş Koxalski meydana çıxa biləcək?
- Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faiz riskli bir şey olmasa, meydana çıxacaq.

Chosen
49
4
football-plus.az

10Sources