EN

Respublika Qan Bankının 100 dəfə qan verən 43 yaşlı donoru təltif etməsi sual yaratdı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Respublika Qan Bankı tərəfindən 43 yaşlı bir şəxsə 100 dəfə qan verməsi münasibətilə təbrik məktubunun təqdim olunması ictimai müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirə aparılıb.

Bu barədə paylaşım edən həkim bildirib ki, ölkədə qanvermə yaşı 18-dən başlayır və bir şəxs ildə maksimum 3-4 dəfə qan verə bilər. Bu baxımdan 43 yaşlı şəxsin 100 dəfə donor olması riyazi cəhətdən şübhəli göründüyünə görə diqqət çəkib.

Həkim, eyni zamanda, qeyd edib ki, keçmiş Mərkəzi Qan Bankı dövründə elektron qeydiyyat sisteminin son illərdə formalaşması, əvvəlki illərə dair məlumatların nə dərəcədə dəqiq olması da suallar yaradır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Qan Bankı məsələyə aydınlıq gətirib.

Qeyd edilib ki, təqdim edilmiş təşəkkür məktubu tam rəsmi əsaslara, yəni Respublika Qan Bankının vahid elektron donor qeydiyyat sistemində mövcud olan tibbi və statistik məlumatlara əsaslanaraq hazırlanıb.

"Bu məlumatlar hər bir donorun qanvermə tarixçəsini, interval tələblərinə riayət olunmasını və tibbi müayinələrdən keçdiyini təsdiq edən rəsmi sənədlərdir.

Qeyd edirik ki, qanvermə prosesi Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına və beynəlxalq tibbi standartlara uyğun olaraq ciddi şəkildə tənzimlənir. Hər bir qanvermə yalnız donorun sağlamlıq vəziyyəti həkim tərəfindən ətraflı qiymətləndirildikdən sonra həyata keçirilir və müəyyən edilmiş minimum interval tələblərinə tam riayət olunur. Bu səbəbdən, donorun qanvermə sayı ilə bağlı hər hansı şübhə və ya fərziyyə tibbi qeydiyyat məlumatları ilə təkzib olunur.

Təşəkkür məktubu ünvanlanmış Fuad Rəsul təkcə uzun illər ərzində müntəzəm donor olmaqla kifayətlənməyib, həm də rəhbərlik etdiyi Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi vasitəsilə çox sayda qanvermə aksiyasının təşkilinə dəstək göstərib, könüllü donorluğun təşviqinə mühüm töhfə verib. Bu fəaliyyət həm Respublika Qan Bankının rəsmi qeydiyyat məlumatları, həm də birgə keçirilmiş tədbirlərin sənədləri ilə təsdiqlənir.

Bir daha vurğulayırıq ki, Respublika Qan Bankı tərəfindən təqdim olunan bütün təşəkkür məktubları və fəxri qeydiyyatlar yalnız rəsmi tibbi məlumatlara əsaslanır və bu prosesdə subyektiv yanaşma və ya əsassız qərar verilməsi istisna olunur.

Qan donorluğu insanların həyatının xilas edilməsində əvəzsiz rol oynayan, yüksək humanizm nümunəsi olan fəaliyyətdir. Respublika Qan Bankı bu sahədə fəallıq göstərən hər bir donorun əməyinə böyük hörmətlə yanaşır və onların töhfəsini yüksək qiymətləndirir", - deyə məlumatda qeyd olunub.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
oxu.az

1Sources