EN

"Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür" - POLİTOLOQ DANIŞDI

"Serbiya Prezidenti tərəfindən Azərbaycan Prezidentinin hava limanında qarşılanması diplomatik protokol baxımından xüsusi diqqət çəkən məqamdır. Adətən dövlət başçıları rəsmi iqamətgahda qarşılanır".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, aeroportda qarşılama isə xüsusi hörmət və siyasi mesaj kimi qiymətləndirilir və bu, Serbiyanın Azərbaycanla münasibətlərə verdiyi önəmi göstərir: "Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında son dövrlərdə intensiv təmaslar münasibətlərin inkişaf edən xətt üzrə davam etdiyini göstərir. Lakin münasibətlərə yanaşarkən bəzi həssas məqamları da nəzərə almaq lazımdır. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi dövründə Serbiya silahlarının Gürcüstan ərazisindən Ermənistana ötürülməsi ilə bağlı məlumatlar mediada yayılmışdı və bu, Azərbaycan ictimaiyyətində suallar doğurmuşdu. Bu cür məsələlər qarşılıqlı etimad baxımından diqqətdə saxlanılmalıdır.

Eyni zamanda, Balkan regionunun tarixi mürəkkəbdir. Serbiya ilə Albaniya arasında uzun illərdir davam edən gərginlik, Kosovo məsələsi və Balkan müharibələrinin mirası regiondakı siyasi münasibətlərə təsir göstərməkdədir. Azərbaycanla Albaniya arasında münasibətlərin də müsbət dinamikası müşahidə olunur və beynəlxalq platformalarda, o cümlədən Avropa strukturlarında Azərbaycanla bağlı məsələlərdə Albaniya nümayəndələrinin dəstək verməsi diqqət çəkən məqamlardandır.

Digər tərəfdən, Serbiyanın özünün də mürəkkəb geosiyasi vəziyyəti var. Bir tərəfdən Avropa İttifaqına inteqrasiya prosesi, digər tərəfdən Rusiya ilə tarixi və siyasi əlaqələr, həmçinin ABŞ və Qərblə münasibətlər Serbiyanı balans siyasəti aparmağa məcbur edir. Bu baxımdan, Serbiya da öz maraqlarını qorumağa çalışır. Azərbaycanın isə Avropada müxtəlif tərəfdaşlarla - o cümlədən Serbiya, Slovakiya və Macarıstan kimi ölkələrlə - münasibətləri inkişaf etdirməsi çoxvektorlu xarici siyasətin tərkib hissəsidir. Məqsəd yalnız enerji əməkdaşlığı deyil, həm də siyasi dəstək və qarşılıqlı maraqların təmin olunmasıdır. Burada əsas məsələ ondan ibarətdir ki, münasibətlər təkcə simvolik jestlərlə - məsələn, yüksək səviyyəli qarşılamalarla - məhdudlaşmamalıdır. Real siyasi dəstək, beynəlxalq platformalarda konkret mövqe və qarşılıqlı faydalı iqtisadi layihələr əsas göstəricidir. Azərbaycan necə ki, tərəfdaşlarına müxtəlif sahələrdə dəstək verir, eyni şəkildə qarşı tərəfdən də real və prinsipial dəstək gözləməsi təbiidir.

Tarixi kontekstdə Serbiya bir zamanlar Yuqoslaviya Federasiyasının əsas dövləti kimi regionun güclü siyasi mərkəzlərindən biri olub. Lakin 1990-cı illərdə Yuqoslaviyanın dağılması, vətəndaş müharibələri və sonrakı beynəlxalq müdaxilələr ölkənin əvvəlki gücünü zəiflədib. Bu gün Serbiya yeni reallıqlar çərçivəsində öz yerini müəyyən etməyə çalışır. Azərbaycan-Serbiya münasibətləri perspektivlidir, lakin bu münasibətlər qarşılıqlı maraqlar, konkret nəticələr və real siyasi dəstək üzərində qurulmalıdır. Diplomatik jestlər önəmlidir, amma əsas olan strateji və praktik əməkdaşlıqdır".

Müəllif: Günel Fərzəliyeva
Chosen
23
1
sia.az

2Sources