Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrini daha da möhkəmləndirir, reytinqini artırır. Son vaxtlar dövlətimizin başçısının xarici səfərləri zəngin olmuşdur. Bir neçə gün əvvəl Serbiya Respublikasına reallaşan səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin növbəti mərhələsi deyil, eyni zamanda, iki ölkə arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlığın təsdiqidir. Səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında gələcəyə istiqamətlənmiş strateji iqtisadi əlaqələrin möhkəm təməl üzərində qurulmasının təzahürüdür. Serbiyanın inkişaf etmiş müdafiə sənayesi infrastrukturu, silah və hərbi texnika istehsalı sahəsində təcrübəsi də Azərbaycan üçün praktik əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyevin Serbiya Respublikasına hər səfəri yüksək səviyyədə qarşılanır. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç də təsdiqləyib və deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açan ortaq dəyərlərimizin və baxışlarımızın təsdiqidir. Bu fikirlər Azərbaycanın və onun Liderinin dünyadakı reytinqinin getdikcə daha da yüksəlməsindən xəbər verir.
Ç.Qənizadə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğundan söhbət açaraq deyib ki, iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri bu münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. İkitərəfli dostluq münasibətləri və əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda öz əksini tapır.
Komitə sədri Belqradda iki ölkə prezidentinin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında aparılan müzakirələrdən də danışıb. O deyib ki, Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin gələcək üçün də açıq-aydın planları var. Bu planlar, əsasən, siyasi, iqtisadi, energetika sahəsində əlaqələri daha da gücləndirmək, təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, yeni yaranmış imkanlardan yararlanmaqdan ibarətdir.
Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırlaşdığını diqqətə çatdııran hüquq müdafiəçisi bunun, əsasən elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyasını təşkil edəcəyini bildirib. Bütövlükdə, energetika sahəsində əlaqələrin hazırda çoxşaxəli formatda inkişaf etdiyi də diqqətə çatdırılıb.
Ç.Qənizadə daha sonra deyib: “Azərbaycan-Serbiya ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq”.