Ermənistanda hakimiyyətlə kilsə arasında münasibətlərin gərginləşməsi ölkədaxili siyasi balansı yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında uzun müddətdir davam edən qarşıdurmanın artıq hüquqi müstəviyə keçməsi İrəvanda siyasi və ideoloji mərkəzlər arasında mübarizənin açıq fazaya daxil olduğunu göstərir. Bu prosesin seçkiöncəsi mərhələdə baş verməsi isə onun təkcə dini deyil, həm də geosiyasi məzmun daşıdığını deməyə əsas verir.
Politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, II Qaregin revanşist qüvvələrin yeganə və ya son dayağı kimi qiymətləndirilə bilməz:

“Ümumiyyətlə, Erməni Apostol Kilsəsi, xüsusilə də Eçmiədzin mərkəzi uzun illərdir Rusiyanın Ermənistandakı əsas ideoloji və siyasi təsir alətlərindən biri kimi çıxış edir. Bu qurum təkcə dini institut funksiyası daşımayıb, eyni zamanda anti-türk təbliğatının, tarixi saxtalaşdırmaların və ərazi iddialarının formalaşdırıldığı mərkəz rolunu oynayıb. Kilsenin fəaliyyəti xristianlıq dəyərləri və mənəvi missiya ilə müqayisədə daha çox siyasi ambisiyalar və qonşu dövlətlərə qarşı iddialarla müşayiət olunub. Bu istiqamətdə isə əsas xarici dayaqlar kimi uzun illər Rusiya, sonrakı mərhələdə isə Fransa çıxış edib”.
Sədrəddin Soltan hesab edir ki, II Qaregin konkret fiqur olaraq sıradan çıxarılsa belə, sistem dəyişmədiyi təqdirdə onun yerinə başqa, eyni siyasi xətti davam etdirən qüvvə gətirilə bilər:
“Çünki məsələ yalnız bir şəxslə məhdudlaşmır, burada bütöv təsir mexanizmi mövcuddur. Nikol Paşinyan hazırda təkcə revanşist qruplarla deyil, eyni zamanda Rusiyanın Ermənistandakı təsir imkanları ilə mübarizə aparmağa çalışır. Bu çərçivədə kilsənin transformasiyası və onun siyasi təsirdən uzaqlaşdırılması görüntüsü yaradılır. Paralel olaraq hakimiyyətə daha loyal və yürüdülən siyasəti dəstəkləyəcək yeni dini rəhbərliyin formalaşdırılması istiqamətində addımlar atıldığı müşahidə olunur”.
Politoloq hesab edir ki, Paşinyan seçki ərəfəsində Rusiya yönlü qüvvələri və “beşinci kolon” kimi xarakterizə olunan dairələri zəiflətmək, onları siyasi proseslərdən kənarlaşdırmaq və ya ölkədən uzaqlaşdırmaq istiqamətində daha sərt addımlar ata bilər.
//Gülnarə Abasova, Editor.az