EN

İran üçün “əcəl zəngi”: “Son sözü onlar deyəcək” – MÜSAHİBƏ

“İran sekulyar dövlətə çevriləcək. Monarxiya dövrü də bitib, yenidən şahlığın bərpası mümkün deyil”.

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Hit.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

-    Elman bəy, nə üçün son illərdə İranda baş verən etirazların qarşısı hansısa formada alına bilir?


-    Çünki İran haqqında yazılanların çoxu həqiqətə uyğun deyil. Biz millətçilər, ana dili hərəkatçıları olaraq İran məsələsinə maksimalist yanaşırıq. Öndə gedən ideoloqlarımızın, indi haqq dünyasındakı liderlərin çoxunun İranla bağlı dedikləri düz çıxmadı. Onların dediklərinə görə, indiyə qədər İran 4 dəfə dağılmışdı. 90-cı illərdə olduqca ciddi insanlar “İran 2000-ci ilə qədər dağılacaq” deyirdilər. Nə oldu bəs? Deməli, İranı  tanımır, tanıyanları, həqiqəti söyləyənləri də daş-qalaq edirik. 

Özümüz də bir yerə nəticəyə nail ola bilmirik. Heç bu suala cavab vermək istəmir ki, Təbrizin “Səhənd” stadionunda “Azərbaycan-Azərbaycan”, “Ana dilim ölən deyil, özgə dilə dönən deyil” şüarlarını səsləndirən 70-80 min insan rejimə qarşı real addımlar atmır? Niyə 30 ildə bircə dənə də olsun ana dilində məktəbimiz yoxdur. İran İslam Respublikasının 45 illik yubileyi ilə bağlı keçirilən son aksiyada milyonlarla insan iştirak edib. Onların hamısı meydana zorla çıxarılmışdı? Təbii ki yox. Deməli, hazırkı hakimiyyətin xalq arasında etimad limiti tam sıfırlanmayıb. 

-    Bəs sizcə səbəb nədir?
-    Bəlkə də ABŞ-İsrail ittifaqı İran planını buna görə bir az da təxirə saldılar. Biz illərdir deyirik ki, İranı xəfifə almaq doğru deyil. İran düşməndir, bizə çox pisliklər edib, amma gücünü azaltmaq da olmaz. İran rejiminin xalq arasında dayağı olan güclü ideologiyası var. Bu şiəlikdir. 1501-ci ildən İranda çox sülalələr dəyişib, ancaq şiə  teokratiyası hakimiyyətini əldən vermir. Rejimlərin, şahlarlın devrilməsinin ilhamverici gücü də hər zaman ayətullahla çıxış edir. 

Nə qədər acı olsa da, hazırkı ayətullah sisteminin qurucusu bizim sevimlimiz, ana dilimizdə şeirlər yazmış, fərmanlar vermiş, Avropaya bu dildə məktublar göndərmiş Şah İsmayıl Xətaidir. Onun Livandan gətirdiyi di alimlər indi “vilayəti-fəqih”in əsasını qoydular. Xətai dövləti qorumaq istəyirdi. Ona görə bu sistemi tətbiq etdi. Lakin bu sistem türk hadisəsi deyildi. Nə qədər ki bu sistem var, onun silahlı gücləri var, İranda hakimiyyəti küçə metodları ilə devrilə bilməz.

-    Etirazçılar hədəflərinə çatmadan niyə geri addım atırlar?
-    Ona görə ki, rejim çox acımasızdır. Ayətullahlar fətva verir, rejimə qarşı çıxanlar dinin, məzhəbin düşməni elan edilir, kənarlaşdırırlar. Ondan sonra onların zərərsizləşdirilməsi uzun sürmür və çətin olmur. Bu qədər güclü və amansız repressiya aparatının qarşısında duruş gətirmək olarmı? Bu cür zorakı tədbirlərdən, işgəncələrdən sonra olan-qalan fəallar da yeraltına çəkilir. Mənə elə gəlir ki, İran hakimiyyəti “inqilab ocağını” tam söndürə bilməyib. İrana qarşı sanksiyalar davam edir və getdikcə güclənəcək. Qarşıdakı aylarda baş verəcək hər hansı devalvasiya və bahalaşma yeni sosial partlayışlara təkan verəcək və rejim üçün “cəhənnəm”in qapısını aralayacaq.

-    Maraqlıdır ki, Məsud Pezeşkian hakimiyyətə gələndən sonra Güney Azərbaycanda ciddi etirazlar olmur. Bunun səbəbi nədir?
-    2006-cı ilin may hadisələrindən sonra Güney Azərbaycanda nə zaman ciddi etirazlar olub ki? Güney Azərbaycan Məhsa Əmininin ölümü ilə başlanmış “hicab inqilabı”na da ciddi dəstək vermədi. Məsud Pezeşkian Prezident seçiləndən sonra isə ümumiyyətlə azərbaycanlılar iğtişaşlara meylli görünmürlər.

-    Əslində rejimin Pezeşkianı hakimiyyətə gətiməkdə məqsədinin Güney Azərbaycandakı etirazların qarşısını almağı hədəflədiyi deyilirdi. Onda bu hədəfə nail olunub?
-    Məsud Pezeşkianın hakimiyyətə yolunun açılması təkcə Güney Azərbaycan amili ilə bağlı deyil. Daha geniş anlamda Azərbaycan və türk amili ilə bağlıdır. Helikopter qəzasında həlak olmuş İbrahim Rəisinin prezidentiliyi dövründə İran Azərbaycana qarşı bacardığı pislikləri etmişdi. 44 günlük Vətən müharibəsində İran Azərbaycanı deyil, müsəlman məscidlərini yerlə bir etmiş, şiələri öldürmüş Ermənistanı dəstəklədi. Türkiyə, Pakistan, hətta Əfqanıstan, Səudiyyə kimi sünni müsəlman dövlətləri belə haqq işimizi dəstəklədi. Lakin şiə İran ermənilərdən yana oldu. Bu azmış ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu həyata keçirdilər. Amma sirkə nə qədər tünd olsa, öz qabını çatladar. 

İranın Azərbaycana və Türkiyəyə qarşı bu tünd siyasəti öz başında çatladı. Hətta əyalətlərin imam cümələri belə Əli Xameneyiyə etiraz etmiş, İranın Azərbaycan siyasətindən narazılıq bildirmişdilər. Azərbaycanın qələbəsi ilə Qafqazda yaranmış yeni reallıqları qəbul edən İran siyasətini yumşaltmaq zorunda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda səsləndirdiyi “Arazı ayırdılar” şeirinə hakimiyyət başına azərbaycanlı Prezidenti gətirməklə cavab verdilər. Haqq üçün deyək ki, Pezeşkian Türkiyə və Azərbaycanla münasibətləri xeyli yumşalda bilib. Azərbaycanlılar yaşadıqları dünyanın hər bir ölkəsində dövlətə sadiqdirlər. İndiki İranın sərhədlərini Azərbaycan türkləri çəkib, bu dövləti onların qılıncı qoruyub. İndi də dəyişən bir şey yoxdur. Məsud Pezeşkian İran rejimi ilə narazı xalq arasında ildırımötürücüdür. Xalq bahalıqdan, səfalətdən, yarıtmaz idarəçilikdən, korrupsiya yolu varlanmış mollalardan narazıdır. Amma xalqın içindən çıxmış, əli  korrupsiyaya bulaşmamış Məsud Pezeşkian İran cəmiyyətində nifrətlə yad edilmir. Əksinə, təmiz imicli Prezidentə xalqın rəğbəti var.

-    Son zamanlarda Xameneidən sonra hakimiyyəti onun oğlu Müctəba Xamenei və rejimin memarı Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin gələcəyi iddiaları var. Onların hansının şansı daha yüksək qiymətləndirilir?
-    İranda “vilayəti-fəqih” rejiminin, yəni imamətin ömrü bitib. Mənim proqnozum belədir ki, İran sekulyar dövlətə çevriləcək. Monarxiya dövrü də bitib, yenidən şahlığın bərpası mümkün deyil. Xamenei rejiminin ömrü o qədər uzun deyil. Xomeyninin nəvəsi və Xameneinin oğlu molladır. Molla rejimi devrilərsə, onların seçkiyə qatılıb prezident seçilməsi real görünmür. “Vilayəti fəqih” ömrünü bir neçə il uzadarsa, Xamenei ölərsə, o zaman son sözü yenə Məclisi Xubrəqan verəcək. Lakin sözügedən şəxslərin İran rəhbəri olması ehtimalı çox azdır.

Elmir Mustafa

Chosen
21
hit.az

1Sources