EN

Torpağın bağrındakı “ölüm toxumları” təmizlənir - Ağdamdan reportaj

Ağdam, 17 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını əzmlə davam etdirir. Bu fədakar insanlar sanki hər addımda torpağın köksünə sancılmış "ölüm toxumlarını" bir-bir üzə çıxararaq, yurdun yaralı bağrına məlhəm qoyurlar.

Xüsusi Riskli Xilasetmə Xidməti bütün texniki imkanları ilə bu işə səfərbər olunub. Əməliyyatlar təyin olunmuş strateji istiqamətlər üzrə — kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, su kanalları boyunca böyük dəqiqliklə aparılır. İstehkamçıların zərərsizləşdirdiyi hər bir sursat vaxtilə barıt qoxuyan bu torpaqlara firavanlığın yenidən qayıtması üçün atılan önəmli bir addımdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə Ağdam rayonuna mediatur təşkil edilib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov jurnalistlərə müsahibəsində bildirib ki, minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarəedilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Şöbə rəisinin sözlərindən aydın olur ki, müasir texnoloji imkanlar və peşəkar kadr potensialının vəhdəti azad edilmiş ərazilərin təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə imkan verir. Bu kompleks yanaşma həm işin sürətini artırır, həm də insan amili üçün riskləri minimuma endirir. Əsas hədəf isə bəllidir: "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurduna dönəcək hər bir vətəndaşın addımını tam təhlükəsiz etmək.

Nazirliyin minatəmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Alıyev ilə söhbət edirik. "Minatəmizləmə əməliyyatları apardığımız bu ərazi mina və partlamamış hərbi sursatlarla xeyli çirklənmiş ərazidir. Burada iş həm əllə, həm mexaniki minatəmizləmə vasitələri, həm də minaaxtaran itlər vasitəsilə həyata keçirilir”, - deyən həmsöhbətimiz əlavə edir: “Hazırda dayandığımız yer minaların toplanma məntəqəsidir. Gördüyünüz kimi, burada piyada əleyhinə minalar və eyni zamanda, partlamamış sursatlar toplanıb. Əməliyyatlarımız sürətlə davam etdirilir və tam dəqiqliklə həyata keçirilir”.

Mütəxəssisin işarə etdiyi o minaların toplandığı sahəyə baxdıqca, hər bir tapıntının arxasında neçə-neçə xilas edilmiş insan ömrünün dayandığını hiss etməmək mümkün deyil. İstehkamçıların simasındakı ciddiyyət və hər hərəkətdəki peşəkarlıq bu təhlükəli sahədə səhvə yer olmadığını bir daha sübut edir.

Xüsusi Riskli Xidmətin əməkdaşı Şəmistan Əlizadə isə mexaniki minatəmizləmə vasitələrinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, “GCS 200” markalı məsafədən iderə olunan Mexaniki Minatəmizləmə vasitələri şəxsi heyətin təhlükəsizliyinin təmin etməklə yanaşı, işin sürətini və keyfiyyətini artıran əsas amillərdən biridir. “Mexaniki Minatəmizləmə vasitəsi əsas iki qoşqudan ibarətdir - “Fleyer” və “Tiller” qoşqusu. Hər iki qoşqu piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub. “Fleyer” qoşqusu bərk torpaq, çınqıllı, daşlı ərazilərdə, “Tiller” qoşqusu isə bitki örtüklərinin sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Onu da qeyd edim ki, Mexaniki Minatəmizləmə vasitəsi yerin relyefindən asılı olaraq saatda 750-1500 kvadratmetr ərazini təmizləmə gücündədir", - deyə o əlavə edib.

Texnikaların iş prosesini izlədikcə insan əməyi ilə müasir texnologiyanın vəhdətinin necə böyük nəticələr verdiyini aydın görmək olur. Hər bir addım, hər bir qoşqu zərbəsi torpağın altındakı təhlükəni yox etməklə bərabər, həm də quruculuq işlərinə gedən yolu açır.

Biz ərazini tərk edərkən növbəti minatəmizləmə qrupu artıq işə başlayırdı. Ağdamdan ayrılarkən bir daha şahidi oluruq ki, işğaldan azad edilmiş torpaqlarda aparılan minatəmizləmə fəaliyyəti təkcə texniki proses deyil, həm də böyük fədakarlıq və gələcəyə inamın təzahürüdür. Əminik ki, vaxtilə "ölüm zonası" adlandırılan bu ərazilər istehkamçıların fasiləsiz zəhməti sayəsində tezliklə yenidən canlanacaq, quruculuq və bərpa işləri təhlükəsiz şəraitdə daha da sürətlənəcək.

Chosen
45
3
azertag.az

4Sources