EN

"Azərbaycanın mövqeyi neytral deyil - biz qətiyyətli şəkildə öz hədəflərimizə doğru irəliləyirik" - Deputat

"Builki Münxen Təhlükəsizlik Konfransında Qərbin Qərbə qarşı olduğunu gördük. Onu da demək lazımdır ki, dövlət katibi Marko Rubio Avropa ölkələri ilə daha həlim bir tonda danışdı. “Məhv altında” mövzusu üzərində qurulan konfrans əsasən ABŞ və onun keçmiş müttəfiqləri arasında fikir ayrılığı üzərində quruldu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Azər Badamov bildirdi. Onun sözlərinə görə, bu gün dövlətlər iqtisadi münaqişədə olan, lakin hələ də açıq şəkildə müharibəyə başlamayan iki supergüc arasında özlərini təhlükəsiz və sərfəli şəkildə yerləşdirməyə can atırlar:

"Dövlətlərin fərqli yanaşmalarının və ritorikalarının şahidi olduq. Məsələn, Böyük Britaniya bildirdi ki, tezliklə Avroatlantik təhlükəsizliyinə sadiqliyinin bir hissəsi olaraq öz aviadaşıyıcı zərbə qrupunu Arktikaya yerləşdirəcək. ABŞ Avropanın rəğbətini qazanmadığı təqdirdə belə, öz maraqlarının arxasınca getmək baxımından zaman itirmək istəmədiyini ifadə etdi. Bütövlükdə, Münxen Konfransı Atlantik uçurumunu müzakirə etmək üçün məntiqi yer olsa da, Azərbaycan Prezidentinin daha məntiqli və dünyanın ehtiyac duyduğu amili qabartdığının şahidi olduq. Biz bu dəfə konfransda ilk dəfə sülhü əldə etmiş ölkə kimi iştirak etdik. Dünyanın mövcud durumunda sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın yanaşmasını ortaya qoyduq. Bir daha sübut olundu ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Təəssüflər olsun ki, beynəlxalq hüquqa arxalanmaq problemləri həll etmir. BMT iflic vəziyyətə düşüb".

Müsahibimiz vurğuladı ki, Azərbaycan dəhlizlərin yaradılmasının təşəbbüskarıdır:

"Enerji dəhlizləri, nəqliyyat dəhlizləri, elektrik və fiber-optik dəhlizləri əhatə etməklə Azərbaycan dünya reallığına aydın yanaşma ortaya qoyur, öz potensialını və beynəlxalq əlaqələrini möhkəmləndirir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində cənab Prezident İlham Əliyevin nüfuzlu və böyük şirkətlərin rəhbərləri ilə görüşü, xüsusilə bu şirkətlərdən birinin qlobal məsələlər üzrə prezidenti ilə görüşü ondan xəbər verir ki, Azərbaycan mövcud dünya nizamında da tərəfdaşlığa açıqdır. İnvestorlara sabitliyi təmin etməyə qadirdir. Məhz buna görə də Aleksandr Vuçiç də Azərbaycanda mövcud olan sabitliyə xüsusi diqqət çəkdi. Dövlət başçımızın istər dövlət və hökumət başçıları ilə, istərsə də böyük korporasiya rəhbərləri ilə keçirdiyi görüşlər ondan xəbər verir ki, Azərbaycan həm dövlət, həm də özəl sektorunu bir sıra xidmətlərin göstərilməsinə açıq elan edir, uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Bu isə Cənubi Qafqazın rifahına xidmət edəcək. Azərbaycanın mövqeyi neytral deyil - biz qətiyyətli şəkildə öz hədəflərimizə doğru irəliləyirik".

Nuriyyə NATİQQIZI

Chosen
104
1
redaktor.az

2Sources