EN

Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ

Müasir dövrdə keyfiyyət infrastrukturunun inkişafı rəqabətqabiliyyətli iqtisadiyyatın göstəricilərindən biridir. "Keyfiyyət infrastrukturu" dedikdə, məhsul və xidmətlərin təhlükəsiz, etibarlı və beynəlxalq tələblərə uyğun olmasını təmin edən institut və mexanizmlər sistemi nəzərdə tutulur. Buraya standartlaşdırma, metrologiya, akkreditasiya, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi kimi fəaliyyətlər daxildir.

Son zamanlar Azərbaycanda keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində aparılan sahəvi qanunvericilik islahatları, tətbiq edilən yeni yanaşmalar və əldə olunan nəticələr ictimaiyyət arasında böyük maraq doğurur. Görülən tədbirlərin həm sahibkarlara, həm də məhsul və xidmət əldə edən alıcıların gündəlik həyatına nə dərəcədə təsir etməsi ilə bağlı "Report"un suallarını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov cavablandırıb:

- Elnur müəllim, Azərbaycanda keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq institusional tədbirlərin həyata keçirildiyi bildirilir. Bu tədbirlər fonunda ölkədə keyfiyyət infrastrukturunun mövcud inkişaf səviyyəsini və formalaşan sistemin effektivliyini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanda keyfiyyət infrastrukturu real iqtisadi dəyər yaradan mexanizmə çevrilib. Bu, əlbəttə, ilk növbədə dövlətin həyata keçirdiyi planlı institusional islahatlar hesabına baş verib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" ilə ölkədə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində yeni mərhələ başlayıb. Proqram milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq və regional standartlarla harmonizasiyanın genişləndirilməsi, institusional və normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirləri ehtiva edir. Məqsəd ölkədə texniki tənzimləmə sisteminin və bu sahədə dövlət nəzarəti mexanizmlərinin formalaşdırılması və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasından ibarətdir. Bu çərçivədə icrası nəzərdə tutulan tədbirlərin fundamental hissəsini Dövlət Agentliyi uğurla icra edib və proses hazırda da davam edir.

Keyfiyyət infrastrukturunun ən vacib istiqamətlərindən biri, əlbəttə ki, texniki tənzimləmədir. Müasir dövrdə məhsulların çoxçeşidliliyi onların təhlükəsizliyi çağırışını da gündəmə gətirir. Ölkəmizdə texniki tənzimləmə sisteminin formalaşdırılması və milli texniki reqlamentlərin qəbul edilməsi məhz bu məqsədə xidmət edir. Sadə dillə desək, texniki tənzimləmə mallar üçün təhlükəsizlik tələblərini müəyyən edən normativ-hüquqi mexanizmdir. Bu təhlükəsizlik tələbləri qeyri-qida istehlak mallarına şamil olunur və məcburi xarakter daşıyır. Bununla yanaşı, texniki reqlamentlərdə malların istehsal, terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblər də müəyyən edilə bilər.

Bu günə qədər istehlak bazarına daxil olan qeyri-qida malları üçün təhlükəsizlik tələblərinin müəyyən edilməsində vahid yanaşma yox idi. Son 3 ildə Agentlik digər aidiyyəti dövlət orqanları ilə birgə bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirib. Onlardan ən əhəmiyyətlisi, şübhəsiz ki, 44 milli texniki reqlament layihəsinin hazırlanmasıdır. Bunun praktiki əhəmiyyəti ondan ibarətdir ki, texniki reqlamentlər istehlak bazarına daxil olan malların təhlükəsizliyi ilə əlaqədar hüquqi çərçivələri formalaşdıracaq, malların minumun təhlükəsizlik tələblərinə cavab verməsini təmin edəcək. Nəticədə, istehlakçı aldığı qeyri-qida məhsulunun insan həyat və sağlamlığı üçün təhlükəsiz olduğuna əmin olacaq.

Texniki reqlamentlərin hazırlanması kifayət qədər əmək və resurs, eyni zamanda yüksək səviyyədə koordinasiya və mütəxəssis bilikləri tələb edən kompleks işdir və Agentlik ilə 9 aidiyyəti dövlət qurumunun (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Avtomobil Yolları Agentliyi) birgə səyi nəticəsində ərsəyə gətirilib. Bu texniki reqlamentlərdən 7-ni birbaşa Agentlik hazırlayıb. Bunlar yüngül sənaye malları, mebel məhsulları, uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mallar, maşın və avadanlıqlar, uşaq oyuncaqları, uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi sahələri, sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələbləri əhatə edir.

Nəzərə almaq lazımdır ki, texniki tənzimləmə sisteminin yaradılması və tətbiqi mərhələli, uzunmüddətli və ardıcıl yanaşma tələb edən bir prosesdir. Burada məqsəd biznes subyektləri üçün beynəlxalq standartlara uyğun, rəqabətədavamlı və dayanıqlı fəaliyyəti təşviq edən keyfiyyət ekosistemi formalaşdırmaqdır. Sözügedən prosesdə sahibkarların maraqlarının qorunması, onların yeni tələblərə rahat, çevik uyğunlaşması və risklərin azaldılması əsas prinsipdir. Çünki texniki reqlamentlərin tətbiqi dairəsi geniş biznes ictimaiyyətini əhatə edir. Başqa sözlə, ölkəyə mal idxal edən və ya yerli istehsalla məşğul olan sahibkarlar bu prosesin həm maraqlı tərəfi, həm də benefisiarıdır. Bütün bunlar nəzərə alınaraq, reqlamentlərdə müəyyən edilən tələblər və onların tətbiqi ilə əldə olunacaq müsbət nəticələr barədə ictimai məlumatlılığın artırılması istiqamətində Agentlik intensiv maarifləndirmə işləri aparıb. Texniki reqlamentlərin qəbulu prosesində sahibkarların və bütün maraqlı tərəflərin rəy və təkliflərinin əldə edilməsi məqsədilə ictimai dinləmə və müzakirələr keçirilib. Bu çərçivədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil edilən 8 tədbirdə 700-dən çox maraqlı tərəfin iştirakı təmin edilib. Layihələr sahibkarlıq subyektlərinin və istehlakçıların maarifləndirilməsi məqsədilə Agentliyin rəsmi internet səhifəsində dərc edilib və maraqlı tərəflərə texniki reqlamentlərlə tanış olmaq, yaranmış sualları, eləcə də rəy və təkliflərini təqdim etmək imkanı yaradılıb.

Texniki tənzimləmə sisteminin real təsir gücünə malik olması təkmil sahəvi hüquqi mexanizmlərin mövcudluğundan birbaşa asılıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə texniki reqlamentlərlə əhatə olunan malların çərçivəsinin müəyyən edilməsi bu istiqamətdə atılan ən vacib addımlardan biridir. Həmin siyahıda yuyucu vasitələr, yanacaq məhsulları, uşaq oyuncaqları, yüngül sənaye məhsulları, tütün məmulatları və s. digər qeyri-qida sənaye malları daxil olmaqla, 34 mal kateqoriyası üzrə 1200-dən çox mal növü müəyyənləşdirilib.

Ümumilikdə bu gün keyfiyyət sahəsində yaranmış mənzərəyə nəzər salsaq, ötən dövrdə bu sahədə Agentliyin funksional fəaliyyətinin nəzərəçarpan nəticələrlə müşayiət olunduğunu görə bilərik. Bu baxımdan Agentliyin "Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları"na dair normativ hüquqi aktın layihəsini hazırlaması xüsusi əhəmiyyətə malikdir. Ötən ilin noyabr ayında Nazirlər Kabineti texniki tənzimləmənin şamil olunduğu malların uyğunluğunun qiymətləndirilməsi prosedurlarına dair tələbləri təsdiq edib. Bu, qeyri-qida istehlak mallarının texniki reqlamentlərin tələblərinə cavab verməsinin uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi ilə təsdiqlənməsi zərurətindən irəli gəlir.

Bu sahədə mühüm addımlardan biri də texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici ölkələrdə verilmiş uyğunluq sənədlərinin Azərbaycanda tanınması tələbləridir. Sözügedən mexanizmin yaradılması sərhəddə ticarətin sürətli həyata keçirilməsinə, sahibkarlıq subyektlərinin idxal etdiyi malların əlverişli tələblərlə ölkəyə daxil olmasına xidmət edəcək. Bununla bağlı Agentlik müvafiq qanunvericilik layihəsi hazırlayıb və artıq hökumətə təqdim edib.

Digər mühüm addım Türkiyənin Ticarət Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanmış qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışı mərhələlərində təhlükəsizliyə nəzarət tələblərini ehtiva edən qanunvericilik təşəbbüslərinin hökumətə təqdim olunmasıdır. Hazırlanmış layihələr həmin malların texniki reqlamentlərin tələblərinə uyğun şəkildə düzgün etiketlənməsini təmin etməklə yanaşı, saxta və təhlükəli məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınmasına xidmət edir.

Məsələnin əsas aspektlərindən biri də qeyri-qida istehlak mallarının təhlükəsizlik normalarına uyğunluğunun obyektiv qiymətləndirilməsi imkanlarının yaradılmasıdır. Laborator sınaq nəticələri bu mənada strateji əhəmiyyət daşıyır. Texniki tənzimləmə sisteminin dayanıqlı və effektiv fəaliyyətini təmin edən əsas sütunlardan biri laboratoriya infrastrukturunu inkişaf etdirməkdir. Artıq Agentlik ölkədə qeyri-qida istehlak malları üzrə sınaq imkanlarının müəyyənləşdirilməsi məqsədilə laboratoriyaların diaqnostik qiymətləndirilməsini aparıb. Dövlət qurumlarının tabeliyində olan 31 və akkreditasiya olunmuş 90 sınaq laboratoriyasının imkanları təhlil edilib.

Bütün bu icra olunan tədbirlər fonunda demək olar ki, ölkədə keyfiyyət infrastrukturu artıq formalaşma mərhələsindən çıxaraq sistemli inkişaf pilləsinə qədəm qoyub. Yaxın perspektivdə - texniki reqlamentlər qəbul edildikdən və tətbiqinə başlanıldıqdan sonra bu sistemin istehlak bazarına real təsirlərinin şahidi olacağıq.

- Agentliyin tabeliyində fəaliyyət göstərən standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi institutları son illər əhəmiyyətli transformasiya mərhələsindən keçirlər. Bu islahatların milli keyfiyyət infrastrukturu sisteminin səmərəliliyinə, beynəlxalq tanınmaya və ölkənin iqtisadi rəqabətqabiliyyətliliyinə real təsirləri nədən ibarətdir?

- Bildiyiniz kimi, Agentliyin tabeliyində ölkədə keyfiyyət infrastrukturu sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsində əsas sütunlardan olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) fəaliyyət göstərir. Bu qurumlar məhsul və xidmətlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin etibarlı qiymətləndirilməsi üçün əsasları formalaşdırır, ölçmələrin dəqiqliyini təsdiq edir və uyğunluğun qiymətləndirilməsi proseslərinin beynəlxalq standartlara və normativ tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin edir.

Milli akkreditasiya sisteminin müasir çağırışlar fonunda təkmilləşdirilməsi və uyğunluğun qiymətləndirilməsi nəticələrinin ölkə xaricində tanınması, uzun müddətdir ki, hədəflərimiz sırasında idi. Bu məqsədlə bir sıra qabaqcıl ölkələrin müvafiq sahədəki təcrübəsi öyrənilib, AzAK-nin idarəetmə sistemlərinin ISO/IEC 17011:2017 "Uyğunluğun qiymətləndirilməsi - Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara dair tələblər" beynəlxalq standartına uyğunlaşdırılması istiqamətində real addımlar atılıb. Nəticədə, AzAK Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) sözügedən beynəlxalq standart üzrə tamhüquqlu üzv qəbul edilib. Bu, AzAK-nin akkreditasiya etdiyi sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin, yəni kalibrləmə və sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasına imkan yaradıb. Bu o deməkdir ki, AzAK-nin akkreditasiya etdiyi laboratoriyanın hər hansı məhsul üzrə təqdim etdiyi sertifikat ILAC-a üzv olan 140-a yaxın ölkədə tanınacaq. Məhsulların ixracı zamanı təkrar sınaq və kalibrlənmə tələbi aradan qalxacaq və ixracatçının qlobal bazara çıxışı asanlaşacaq. Bu həm də ona görə vacibdir ki, yerli istehsalçılar beynəlxalq bazarlarda xarici istehsalçılarla bərabər şərtlərlə rəqabət apara biləcəklər.

2025-ci ildə 172 uyğunluğu qiymətləndirən qurum akkreditasiya edilib ki, bu da 2024-cü ilə nisbətən 2 dəfədən çox artım deməkdir. Ümumilikdə ötən il akkreditasiya attestatı qüvvədə olan 326 uyğunluğu qiymətləndirən qurum fəaliyyət göstərib. Bu dinamika müvafiq sahə üzrə beynəlxalq təşkilatlara üzvlükdən sonra əldə olunan nəticələrin real göstəricisidir. Akkreditasiya uyğunluğu qiymətləndirən qurumların səriştəliliyini və legitimliyini təsdiq edir, onların bazarda mövqeyini möhkəmləndirir.

Keyfiyyət infrastrukturunun əhəmiyyətindən bəhs edərkən standartlaşdırmanın təməl rolunu qeyd etməmək olmaz. Məhsulun təhlükəsizlik göstəriciləri texniki reqlamentlərdə müəyyən olunursa, standartlar keyfiyyət indikatoru rolunu oynayır. Onlar istehsal və xidmət sahələrində vahid, aydın tələblər və tövsiyələr müəyyən etməklə keyfiyyət göstəricilərinin dayanıqlılığını təmin edir.

Son illərdə yeni dövlət standartlarının qəbulu sahəsində müşahidə olunan müsbət dinamika ölkəmizdə standartlaşdırma sahəsinin inkişaf tempinin yüksəldiyini və milli keyfiyyət infrastrukturunun gücləndiyini əyani şəkildə göstərir. Təkcə 2025-ci ildə AZSTAND 345 yeni dövlət standartı qəbul edib. 2024-cü illə müqayisədə qəbul edilmiş yeni dövlət standartlarının sayı 49 % artıb. Bu standartlar qida texnologiyası və kənd təsərrüfatı, nəqliyyat, informasiya və telekommunikasiya sahələri, neft-qaz, kimya və əlaqəli texnologiyalar, ətraf mühit, əməyin təhlükəsizliyi kimi sahələrlə yanaşı, süni intellekt kimi innovativ istiqamətləri də ehtiva edir.

Texniki reqlamentlərin tətbiqi istinad edilmiş standartların qəbulu kimi aktual məsələni də gündəmə gətirir. Çünki texniki reqlament müəyyən mal qrupları üzrə ümumi təhlükəsizlik tələblərini müəyyən edirsə, həmin mal qrupu daxilində hər bir məhsul növünə dair daha spesifik və detallı texniki xüsusiyyətlər istinad edilmiş standartlarda öz əksini tapır. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. AZSTAND-ın təsdiq etdiyi "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" çərçivəsində 3 minə qədər dövlət standartının qəbul edilməsi nəzərdə tutulur və bunlardan təqribən 80 %-ni istinad edilmiş standartlar təşkil edəcək.

Beynəlxalq standartların qəbulu prosesinin sürətləndirilməsi istiqamətində Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları" da geniş imkanlar yaradacaq. Qaydaların əsas məqsədi beynəlxalq standartların ölkədə tətbiqini sistemləşdirmək, milli qanunvericiliyə və texniki reqlamentlərə uyğunluğunu təmin etmək, eyni zamanda iqtisadi inkişafı və beynəlxalq inteqrasiyanı gücləndirməkdir. Həmin qaydalar təsərrüfat subyektlərinə texniki reqlamentlərin tətbiq edilməsi zamanı işləri beynəlxalq standartların tələblərinə uyğun qurmağa şərait yaradacaq.

Keyfiyyət zəncirinin növbəti halqası kimi metrologiya sahəsində görülən işlərdən də bəhs etmək zəruridir. Metrologiya ölçmələrin dəqiqliyini təmin edən sistem kimi səhiyyədən ticarətə, sənayedən gündəlik həyatımıza qədər hər sahədə insanların təhlükəsizliyini təmin edir, hesablaşmaların dəqiq aparılmasına və məhsul keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Diaqnostika və müalicə zamanı istifadə olunan tibbi avadanlıqlar, elektrik, su və qaz sayğacları, tərəzilər, maşın, qurğu, avadanlıqlar və digər çoxsaylı ölçmə vasitələrinin düzgün ölçmələrinin təmin edilməsinin insanların gündəlik həyatına təsirlərini qiymətləndirsək, metrologiyanın insanlar üçün necə faydalı bir sahə olduğunu daha dərindən dərk etmiş olarıq.

Bu mənada ölçmə və kalibrlənmə imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən metroloji infrastruktur layihələrinə də diqqət çəkmək istərdim. Ölkə Prezidentinin təsdiq etdiyi "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında metrologiya sahəsində müasir transformasiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bu sənəddə AzMİ-də 20 yeni laboratoriya şəbəkəsinin qurulması və 7 mövcud laboratoriyanın müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi tapşırıqları yer alıb. Böyük məmnuniyyətlə vurğulamaq istərdim ki, layihənin icrası artıq real nəticə verməkdədir. Belə ki, ötən 2 ildə ölçmələrin optimallaşdırılması məqsədilə ümumilikdə 12 yeni laboratoriya fəaliyyətə başlayıb. Cari ildə isə əlavə olaraq 8 yeni laboratoriyanın yaradılması və istifadəyə verilməsi planlaşdırılır.

Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) ilə birgə layihə çərçivəsində qurulan bu etalon laboratoriyaları ölkədə ölçmələrin beynəlxalq standartlar əsasında təşkili, yeni metodların tətbiqi, metroloji xidmətlərin kəmiyyət və keyfiyyət parametrlərinin yüksəldilməsi məqsədi daşıyır. Müasir laboratoriya şəbəkəsinin yeni tələblərə uyğun və qabaqcıl avadanlıqlarla təchiz edilməsi prioritet kimi götürülüb. Bu da sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi araşdırmalar və tədqiqat layihələrinin reallaşdırılması üçün yeni imkanlar açacaq. Ümumilikdə isə, ölkəmizdə ölçmə və kalibrləmə potensialının əhəmiyyətli dərəcədə artırılması məhsul və xidmətlərin etibarlılığı ilə yanaşı, təhlükəsizlik təminatına, istehsalat proseslərində isə risklərin azadılması və resurslardan səmərəli istifadəyə töhfə verəcək.

Son iki ildə kommunal xidmət sahələrində istifadə olunan ölçmə vasitələrinin vahid metroloji nəzarət sisteminə inteqrasiyası ilə əlaqədar olaraq da mühüm addımlar atılıb. Bu mənada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların müayinəsi laboratoriyası, "Azərişıq" ASC-nin Sayğacların test-təmir laboratoriyası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində olan Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən cihazların kalibrləmə laboratoriyasının idarəetməsi AzMİ-yə ötürülüb. Bunun praktiki əhəmiyyətini belə izah etmək olar ki, sayğacların müayinəsi və yoxlanılmasını müstəqil qurumların həyata keçirməsi, ilk növbədə, maraq toqquşması riskini azaldır. İstehlakçılarda ölçmə nəticələrinin düzgünlüyünə əminlik yaradır, yanlış hesablamalar səbəbindən yaranan maliyyə yükünün qarşısını alır və istehlakçıların hüquq və mənafelərinin qorunmasına töhfə verir.

Əminəm ki, keyfiyyət infrastrukturunun bütün komponentləri arasında uzlaşmanın təmin edilməsi və çağdaş yanaşmaların tətbiqi ilə təkmil sistemin yaradılmasına nail olacağıq. Bütün bu tədbirlər milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsində vacib pillələrdən biri olacaq.

- Keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində də Agentlik tədbirlər görür, elektron xidmətlərdən fəal istifadə ilə bağlı sahibkarlara mütəmadi çağırışlar edir. Bu çərçivədə biznes subyektləri üçün yaradılan yeni imkanları necə xarakterizə edərdiniz?

- Bildiyiniz kimi, hazırda Agentliyin keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən subyektlərin ehtiyac və maraqları nəzərə alınmaqla yaratdığı rəqəmsal platforma - Keyfiyyət İnformasiya sistemi (e-keyfiyyet.gov.az) fəaliyyətdədir. Platforma keyfiyyət sahəsində göstərilən xidmətlərin əlçatan və operativ olmasını təmin edir. Ötən ildən biz keyfiyyət sahəsində xidmətlərin elektronlaşdırılması fəaliyyətimizi intensivləşdirməyə başlamışıq və hazırda onun real nəticələrini müşahidə edirik. Dövlət başçısının müvafiq sahədə Fərmanları, sahəvi qanunvericiliyə edilmiş dəyişikliklər, o cümlədən Nazirlər Kabinetinin "Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq etməsi keyfiyyət sahəsində xidmətlərin rəqəmsallaşdırılmasının hüquqi əsaslarını formalaşdırdı və institusional baxımdan yeni mərhələyə keçid imkanı yaratdı.

Məlumdur ki, müasir idarəetmədə rəqəmsal həllər xidmətlərin operativliyinin artırılmasında həlledici rol oynayır. Hazırda Keyfiyyət informasiya sistemi vasitəsilə uyğunluq sertifikatları, yoxlama haqqında şəhadətnamələr, sınaq nəticələrinə dair sənədlər və bu sahədə digər əlaqəli xidmətlərin elektron qaydada həyata keçirilməsi imkanları yaradılıb. Müxtəlif sahələrdə ixrac fəaliyyəti ilə məşğul olan biznes subyektlərinin işinin asanlaşdırılması və malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə tədbirlər görülüb. Ötən il Bakıda və regionlarda fəaliyyət göstərən 200-dən çox ixracatçı ilə mənşə sertifikatlarının Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilməsinə dair maarifləndirici görüşlər keçirilib.

Mənşə sertifikatlarının Keyfiyyət İnformasiya Sistemi üzərindən əldə edilməsi məlumat mübadiləsini sürətləndirir və əməliyyatları daha rahat edir. Hər bir sifarişçi üçün sistemdə şəxsi kabinetin yaradılması günün istənilən vaxtında və tam elektron formada mənşə sertifikatının alınması üçün müraciət etmək imkanını təmin edir. Eyni zamanda sifarişçilərin Agentliyə təqdim etdikləri bütün müraciətlər vahid elektron baza üzərindən idarə olunduğundan sənədlərin icra vəziyyətini real vaxt rejimində izləmək, prosesin hansı mərhələdə olduğunu aydın şəkildə görmək və müvafiq hesabatları əldə etmək mümkün olur. Xüsusilə qeyd etmək istəyirəm ki, "E-keyfiyyət.gov.az" informasiya sistemi gömrük orqanlarının müvafiq informasiya sistemi ilə inteqrasiya olunub, həmçinin məlumat mübadiləsini tənzimləyən müvafiq normativ hüquqi aktı Nazirlər Kabineti təsdiq edib. Bu təşəbbüs Agentliyin Dövlət Gömrük Komitəsi ilə birgə əməkdaşlığı çərçivəsində idxal olunan mallar ölkə ərazisinə gətirilərkən gömrük məntəqələrində uyğunluq sənədlərinin və idxal malları üzrə nəzarət tədbirləri zamanı Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə məlumatların Komitəyə ötürülməsi, o cümlədən gömrük rəsmiləşdirilməsi başa çatmış mallara dair müvafiq məlumatların fasiləsiz qaydada Agentliyə ötürülməsi ilə əlaqədar işlərin çevik aparılması üçün reallaşdırılıb. Məqsədimiz Keyfiyyət informasiya sistemində tərtib olunan sənədlər barədə məlumatların real vaxt rejimində aidiyyəti üzrə gömrük orqanlarına ötürülməsi, sənədlərin yoxlanılması müddətinin qısaldılması, nəticədə, sərhəddə ticarət əməliyyatlarının daha sürətli və səmərəli həyata keçirilməsini təmin etməkdir.

Rəqəmsal həllər xidmətlərə əlçatanlıqla yanaşı, xidmət göstərən, xidmət istifadəçiləri və digər maraqlı tərəflər arasında etibarlı mühit də yaradır. Bu konteksdə uyğunluğu qiymətləndirən qurumların Keyfiyyət informasiya sistemində yaradılan sənədlərin təsdiq etməsindən sonra sertifikatlarda identik QR kodların əks olunması həmin sənədlərin həqiqiliyini təsdiq edir və qarşılıqlı inam formalaşdırır. Çünki bu mərhələdə müraciətçilərə təqdim edilən sənədlərin üzərindəki QR kodlar onların həqiqiliyini yoxlamaq imkanı verir.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün müraciət forması da Agentliyin Keyfiyyət informasiya sistemində elektronlaşdırılaraq ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslərin xidmətinə verilib. Tipi təsdiq olunmuş standart nümunələrin və ölçmə vasitələrinin reyestri sözügedən informasiya sistemində real vaxt rejimində əks olunur.

- Keyfiyyət mədəniyyətinin formalaşdırılması keyfiyyət infrastrukturunun subyektləri və istehlakçılar arasında sağlam və etimada əsaslanan münasibətləri təşviq edir. Sonda bu istiqamətdə ictimaiyyətə mesajınızı necə ifadə edərdiniz?

- Keyfiyyət mədəniyyəti yalnız normativ tələblərə əməl etməklə məhdudlaşmır, qarşılıqlı məsuliyyət, həssas yanaşma və etimad üzərində qurulan davamlı tərəfdaşlıqdır. Agentlik olaraq maarifləndirmə təşəbbüslərimizdə də sahibkarları daim məhsul və xidmətlərin keyfiyyətinə uzunmüddətli dəyər kimi yanaşmağa, istehlakçıları isə öz hüquqlarını öyrənməyə və məqsədli seçimlər etməyə çağırırıq.

Bu baxımdan sahibkarların üzərinə mühüm vəzifələr düşür. Biznes fəaliyyətini təşkil edərkən onlar istehlakçı məmnuniyyəti və cəmiyyətin ümumi maraqlarını nəzərə almalıdırlar. Keyfiyyət və təhlükəsizlik meyarlarına sistemli əməl edilməsi biznes subyektlərinin bazarda etibarlı müttəfiq kimi tanınmasına şərait yaradır. Təbii ki, bu göstəricilər davamlı inkişafı hədəfləyən uğurlu biznes modelinin əsasını təşkil edir.

Digər tərəfdən, istehlakçıların da bu modelin reallaşmasında rolu əvəzsizdir. Öz hüquqları barədə məlumatlı istehlakçı sahibkarı keyfiyyət standartlarını yüksəltməyə və xidmət səviyyəsini təkmilləşdirməyə təşviq edir. Bu qarşılıqlı təsir nəticəsində rəqabətli bazar mühiti formalaşır və keyfiyyət prioritetə çevrilir.

Keyfiyyət mədəniyyətini təşviq etmək cəmiyyətin ortaq məsuliyyətidir və vahid məqsədə xidmət edir. Çağırışımız aydındır: hər bir sahibkar və istehlakçı keyfiyyət və təhlükəsizlik meyarlarına sadiq qalmalı, qarşılıqlı etimad və məsuliyyət prinsipləri üzərində dayanan davamlı tərəfdaşlıq yaratmalı, beləliklə, rəqabətli və dayanıqlı bazar mühitinin formalaşmasına töhfə verməlidir. Bu, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadi inkişafın təməlidir.

Chosen
44
far.az

1Sources