EN

Bir hissə Vernidub, bir hissə Abasov...

“Neftçi”nin “Qarabağ”la oyunun təxirə salınmasından imtina etməsiylə bağlı verdiyi açıqlama mənim yadıma “Uşaqlığın son gecəsi” filmini saldı. Məlum açıqlamada qeyd olunurdu ki, klubun öz hazırlıq planı var, təqvimə görə plan qurublar. Ona görə də hər hansı təxirəsalmaya razı deyillər. Lap elə xatırladığım filmdəki Muradın kombinatdan ət oğurlayan dəstəyə verdiyi cavab kimi. Murad ona işbirliyi təklif edən Rüfətə deyir ki, onun öz planları var. İndi “Neftçi” hansısa planlardan danışır. Lap deyək ki, bir təbiət hadisəsi baş versə, duman gəlsə, yaxud qar yağsa, həmin o planların aqibəti necə olacaq? Mən hələ COP, yaxud da hansısa belə səviyyəli dövlət tədbirinə görə “yuxarıdan” tapşırıq gəlsə, “gedin top-topunuzu başqa yerdə oynayın” deyəsələr, belə etiraz eşidəcəyikmi?! Təbii ki, yox.

Mən “Neftçi”ni qınamaq istəmirəm. Məsələnin mənəvi tərəfindən baxanda, “Neftçi” təxirəsalmaya elə ilk cəhddə könülsüz də olsa, minnət vura-vura razılıq verə bilərdi. Amma illərdi onlara rahatlıq verməyən qisas hissi bu böyüklüyü etməyə mane oldu. Adamlar “Qarabağ”ı sıx reqlament səbəbindən büdrətmək üçün şans qazanmışdı. Özlərini inandırmışdılar ki, “Nyukasl”la (!) Bakıdakı oyundan sonra uzaq səfərə hazırlaşan “Qarabağ”ı məğlub edə bilərlər. Bununla da son illər bata bilmədikləri güclü rəqibdən qisas alarlar. “Köhlən atlar”ın bu mövsümdə ehtiyat qüvvəsinin də yetərli olmaması “Neftçi”ni lap ümidləndirmişdi. Bütün bunlar arxada qaldı: paytaxt klubu sonda müəyyən təzyiq hesabına təxirəsalmaya razılıq verdi.
Sözüm bunda deyil. “Neftçi”nin “Qəbələ” ilə oyunu bizə bir həqiqəti göstərdi. Yuri Vernidubun gəlişindən sonra komandada qlobal dəyişikliklərin baş verdiyini düşünmək üçün tələsmişik. “Zirə”nin sıx müdafiəsini yara bilməyən “ağ-qaralar”ın ayağı Mərdəkanda açıldı. “Araz Naxçıvan”ın qapısına vurulan dörd qol komandanın problemlərinin geridə qalmasının, məhsuldarlığın artmasının müjdəsi sayıldı. Elə “Qəbələ” ilə qarşılaşmanın ilk 45 dəqiqəsi də bu ümidlərin davamı idi. Di gəl ki, ikinci hissə hər şeyi alt-üst etdi. Açıq-aşkar görünürdü ki, futbolçular fiziki cəhətdən çatdırmır. Əvəzində rəqib xeyli “diri” görünür, “Neftçi”ni öz qapısına doğru sıxışdırmağı bacarırdı. Prins Ovusu son dəqiqələrdə ələ düşən fürsəti dəyərləndirsəydi, qələbə də əldən çıxacaqdı. Əvvəlcə Piriçin çevik reaksiyası, sonra da qapı dirəyinin “Neftçi”nin “sonuncu müdafiəçisi”nə çevrilməsi Ovusunun sevinməsinə imkan vermədi.

Düzdü, qalibləri mühakimə etmirlər. “Neftçi” “Qəbələ” ilə oyunda qələbə qazanmağı, hesabına 3 xal yazmağı bacardı. Bu isə azarkeşlərin ümidlərini artırdı, “avrokubok zonası”na bir qədər də yaxınlaşmaq mümkün oldu. Amma bu oyun həm də onu göstərdi ki, “Neftçi”nin oyununda problemlər qalmaqdadı. Sanki ilk 45 dəqiqədə meydanda Vernidubun “Neftçi”si idi, fasilədən sonra isə tarixin təkəri geri fırlandı, Samir Abasovun zamanındakı komanda “Qəbələ”nin qarşısına çıxdı. Ümid edək ki, zamanla bu problem həllini tapacaq, ukraynalı mütəxəssisin gəlişi, Samir Abasovun komandadan göndərilməsi təkcə ilk yarıda yox, bütün 90 dəqiqə ərzində hiss ediləcək.

AMAL

Chosen
110
1
football-plus.az

2Sources