EN

Mütəxəssis: Düzgün planlaşdırılmış qidalanma ilə Ramazan orucu əksər insanlar üçün faydalı ola bilər  

Ramazan ayında oruc tutmaq sağlam insanlar üçün təhlükəsiz hesab olunur. Lakin qidalanma rejiminin dəyişməsi metabolik, hormonal və hemodinamik adaptasiyalar tələb edir və həmin adaptasiya düzgün qidalanma ilə dəstəklənməzsə, xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə sağlamlıq riskləri yarana bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Mütəxəssisin sözlərinə görə, elmi araşdırmalar göstərir ki, uzunmüddətli aclıq dövründə orqanizm enerji mənbəyi kimi əvvəlcə qaraciyərdə saxlanılan qlikogendən istifadə edir, daha sonra lipid metabolizmi aktivləşir və keton cisimciklərinin sintezi artır, bu isə metabolik elastiklik üçün fizioloji bir proses olsa da, qeyri-düzgün iftar və sahur qidalanması qlükoza səviyyəsinin kəskin dəyişmələrinə, arterial təzyiqin destabilizasiyasına və həzm sisteminin funksional pozulmalarına səbəb ola bilər: “Beynəlxalq Diabet Federasiyası və bir sıra klinik tədqiqatların nəticələrinə görə, xüsusilə şəkərli diabet xəstələri üçün əsas risk hipoglikemiya, hiperglikemiya, dehidratasiya və tromboz riskinin artması ilə bağlıdır. Buna görə də, həmin xəstələr sahurda aşağı qlisemik indeksə malik kompleks karbohidratlar, məsələn, tam taxıllar, paxlalılar və liflə zəngin qidalar qəbul etməlidirlər. Sadə şəkərlərdən və sürətli sorulan karbohidratlardan uzaq durmalıdırlar, çünki həmin məhsullar iftardan sonra qanda qlükozanın sürətli yüksəlməsinə və sonradan kəskin enməsinə səbəb olur. Ürək-damar xəstəlikləri və arterial hipertenziyası olan şəxslərdə əsas problem maye və elektrolit balansının pozulmasıdır, çünki uzun müddət susuz qalmaq qan qatılığını artıraraq tromb riskləri yüksəldə bilər. Buna görə də, iftar və sahur arasında kifayət qədər maye qəbul etmək, gündəlik ən azı 1,5–2 litr su içmək, eyni zamanda, duzlu, konservləşdirilmiş və yüksək natrium tərkibli qidalardan uzaq durmaq tövsiyə olunur. Çünki natrium mayeni bədəndə tutar ki, bu da arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Elmi müşahidələr göstərir ki, iftar zamanı qidanın birdən-birə və həddindən artıq miqdarda qəbul edilməsi mədə-bağırsaq sistemində kəskin yük yaradır, bu isə dispepsiya, reflüks, meteorizm və qastrik distensiya kimi problemlərlə nəticələnə bilər. Buna görə də qidanın mərhələli şəkildə qəbul edilməsi, iftarın əvvəlində su və yüngül qida ilə başlanması, daha sonra isə əsas yeməyə keçilməsi fizioloji baxımdan daha uyğun hesab olunur. Həzm sistemi xəstəlikləri olan şəxslər üçün xüsusilə yağlı, qızardılmış, çox ədviyyəli və turş qidalar reflüks və qastrit simptomlarını ağırlaşdıra bilər, buna görə də daha çox qaynadılmış, buxarda hazırlanmış və asan həzm olunan qidalara üstünlük verilməlidir, zülal mənbəyi kimi isə yağsız ət, balıq və süd məhsulları seçilməlidir. Metabolik tədqiqatlar göstərir ki, Ramazan ayında düzgün qidalanma bədən çəkisinin stabil qalmasına, insulin həssaslığının yaxşılaşmasına və lipid profilinin müsbət dəyişməsinə səbəb ola bilər. Lakin bu faydalar yalnız balanslı və kontrollu qidalanma zamanı müşahidə olunur, əks halda yüksək kalorili və şəkərli qidaların həddindən artıq qəbulu metabolik sindrom riskini artıra bilər. Aşağı arterial təzyiqdən əziyyət çəkən şəxslər üçün isə əsas risk ortostatik hipotoniya və halsızlıqdır, buna görə də maye qəbulu artırılmalı, elektrolit balansı qorunmalı və uzun müddət ac qalmağa baxmayaraq qidalanma intervalında balanslı enerji təmin edilməlidir. Tədqiqatlar göstərir ki, sahur qidalanmasının buraxılması gün ərzində hipoglikemiya, yorğunluq və koqnitiv funksiyaların azalması riskini əhəmiyyətli dərəcədə artırır, buna görə sahur mütləq qəbul edilməli və tərkibində kompleks karbohidratlar, zülallar və sağlam yağlar olmalıdır, çünki həmin komponentlər enerji təminatını daha stabil saxlayır”.

Emin Məmmədov bildirib ki, nəticə olaraq, Ramazan ayında sağlamlığın qorunması üçün əsas prinsiplər balanslı və mərhələli qidalanma, kifayət qədər maye qəbulu, yüksək şəkər və yağ tərkibli qidalardan uzaq durmaq, sahuru buraxmamaq və xroniki xəstəlikləri olan şəxslərin mütləq həkimlə məsləhətləşməsidir. Çünki fərdi risklər və dərman rejimi nəzərə alınmadan oruc tutmaq ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər, lakin düzgün planlaşdırılmış qidalanma ilə Ramazan orucu əksər insanlar üçün təhlükəsiz və hətta metabolik baxımdan faydalı ola bilər.

Chosen
13
2
azerbaijan-news.az

3Sources