EN

Qaradağlı faciəsindən 34 il keçir

Bakı,17 fevral, AZƏRTAC

Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də erməni silahlı birləşmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı törədilib.

AZƏRTAC xəbər verir ki, 34 il əvvəl Qaradağlıda baş verən bu qətliam erməni millətçilərinin təxminən 200 il ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə qarşı bəslənən dərin nifrətin nəticəsi olub.

Qaradağlı sakinləri ötən əsrin 90-ci illərinin əvvəlində Qarabağda baş qaldıran erməni separatizminin ilk qurbanlarından olublar. 1990-cı il noyabrın 24-də Xocavənd–Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən 3 kənd sakini vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn “UAZ” markalı avtomobil atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb, onlardan 2-si sonradan aldığı xəsarətlərdən vəfat edib.

Həmin ilin martın 8-də kəndin yaxınlığında daha 2 nəfər qətlə yetirilib. İyunun 28-də kəndin yanındakı fermada 3 kişi və 3 qadın olmaqla 6 sakin diri-diri yandırılıb.

1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu atəşə tutulub, 40-a yaxın sərnişindən 2 kişi və 6 qadın həlak olub.

1992-ci il yanvarın 8-də isə kəndin yaxınlığında daha bir azərbaycanlı qətlə yetirilib.

1991-ci il dekabrın 19-da Xocavənd kəndinin, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndinin işğalından sonra növbəti hədəf Qaradağlı olub. Kənd tam mühasirəyə alınıb, vəziyyət getdikcə ağırlaşıb.

1992-ci il fevralın 14-də erməni silahlı dəstələri xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikası və canlı qüvvəsinin dəstəyi ilə Qaradağlıya sonuncu dəfə hücum ediblər. Kənddə olan 104 mülki sakin və 14 hərbi qulluqçu dörd gün ərzində son gülləyə qədər müqavimət göstərib. Döyüşlər zamanı biri qadın olmaqla 14 nəfər həlak olub. Silah-sursatı tükənən sakinlər əsir götürülüb.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi tam işğal olunub. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər yerindəcə güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər ağır işgəncələrdən sonra azad edilib. Əsir düşənlər arasında 10 qadın və 2 məktəbli olub. Azad olunanlardan 18 nəfər sonradan aldığı ağır xəsarətlərdən vəfat edib.

Qaradağlıda törədilən cinayətlər nəticəsində kənddə ümumilikdə 91 nəfər qətlə yetirilib, iki ailənin hər birindən 4 nəfər öldürülüb, 43 ailə ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Kənd sakinlərinin hər on nəfərindən biri erməni vandalizminin qurbanı olub. İşğal nəticəsində 200 ev, mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana, tarixi, dini və mədəni abidələr, qəbiristanlıq dağıdılıb, 800-ə yaxın sakin məcburi köçkün düşüb.

Qaradağlı kəndi 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirlərindən sonra işğaldan azad edilib.

Chosen
17
16
azertag.az

10Sources