"Prezident İlham Əliyevin Serbiya səfəri: suverenlik fəlsəfəsi və strateji diplomatiyanın vəhdəti" - Rövşən Əliyev
Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər 1990-cı illərin sonlarında qurulsa da, bu əlaqələrin mahiyyəti zaman keçdikcə daha dərin siyasi və fəlsəfi məzmun qazanmışdır. 2000-ci illərdən etibarən münasibətlər təkcə rəsmi protokol çərçivəsində deyil, qarşılıqlı anlayış və ortaq prinsiplər üzərində inkişaf etməyə başlamışdır. Bu yaxınlıq sırf geosiyasi maraqlardan deyil, dövlətçilik fəlsəfəsindən qaynaqlanır. Milli maraqların qorunması, müstəqil qərarvermə iradəsi və beynəlxalq hüquqa söykənən mövqe.
Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış siyasi dialoq münasibətlərin institusional və etimad əsaslı xarakter almasına təkan verdi. İqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində imzalanmış sazişlər hüquqi bazanı möhkəmləndirmiş, əməkdaşlığı praktik müstəviyə keçirmişdir. Xüsusilə energetika sahəsində əməkdaşlıq, Azərbaycan qazının Serbiyaya ixracı və birgə enerji təşəbbüsləri, tərəfdaşlığın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmışdır. Enerji burada yalnız resurs deyil, qarşılıqlı etimadın və strateji bağlılığın rəmzidir.
Bu gün Azərbaycan–Serbiya əlaqələri sadəcə ikitərəfli münasibət deyil, suveren dövlətlərin qarşılıqlı hörmət, siyasi prinsipiallıq və ortaq inkişaf vizyonu əsasında qurduğu davamlı tərəfdaşlıq modelidir. Bu model göstərir ki, dövlətlər arasında həqiqi yaxınlıq yalnız maraqların deyil, dəyərlərin və strateji baxışın üst-üstə düşdüyü məqamda formalaşır.
Fevral 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin yalnız cari vəziyyətini deyil, həm də bu münasibətlərin ideoloji, fəlsəfi və geosiyasi əsaslarını açıq şəkildə ortaya qoydu. Bu səfər diplomatik protokol çərçivəsindən kənara çıxaraq, suverenlik anlayışının, liderlik faktorunun, enerji təhlükəsizliyinin və strateji tərəfdaşlıq modelinin müasir beynəlxalq münasibətlər sistemində necə şərh olunduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında ön plana çıxan əsas xətt dövlət suverenliyinin və milli maraqların müdafiəsi idi. Bu mövqe təkcə ritorik bəyanat deyil, müasir beynəlxalq münasibətlər sistemində güc balansına və geosiyasi reallıqlara əsaslanan strateji yanaşmadır. Dövlətin ali maraqlarının prioritet elan edilməsi Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsipini bir daha nümayiş etdirdi.
Serbiya xalqının tarix boyu dövlətçiliyini qorumaq uğrunda apardığı mübarizənin vurğulanması isə simvolik deyil, siyasi məzmun daşıyan mesaj idi. Bu yanaşma həm tarixi yaddaşa istinad, həm də beynəlxalq sistemdə suveren dövlət modelinin legitimliyinə verilən açıq dəstəkdir. Müasir siyasi realizm nəzəriyyəsinə uyğun olaraq beynəlxalq münasibətlərdə əsas aktor dövlətdir və onun başlıca vəzifəsi öz milli maraqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və siyasi müstəqilliyini möhkəmləndirməkdir.
Azərbaycan və Serbiyanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən prinsipial mövqedir. Bu, diplomatik nəzakət çərçivəsini aşaraq konkret siyasi mövqe ifadəsinə çevrilir. Xüsusilə post-münaqişə və regional transformasiya dövründə belə qarşılıqlı dəstək regional sabitlik və beynəlxalq legitimlik baxımından ciddi siyasi çəkiyə malikdir. Burada normativ hüquqla siyasi praqmatizm sintez olunur. Hüquqi prinsip siyasi mövqeyə, siyasi mövqe isə strateji əməkdaşlığa çevrilir.
Səfər çərçivəsində liderlik faktorunun önə çəkilməsi də təsadüfi deyil. Transformasiya mərhələlərində institusional mexanizmlərlə yanaşı, siyasi iradə və strateji baxış həlledici rol oynayır. Cənab Prezidentin dövlət maraqlarını hər şeydən üstün tutmaqla bağlı vurğusu siyasi məsuliyyətin və dövlətçilik fəlsəfəsinin ifadəsidir. Bu yanaşma siyasi legitimliyin mənbəyini də aydın şəkildə göstərir: milli maraqlara söykənən, suverenliyi prioritet elan edən və dövlətin güclənməsinə yönəlmiş ardıcıl siyasət.
Burada əsas məqamlardan biri də iki lider arasında uzun illər davam edən təmaslar “səmimi söhbətlər” və “dostluq münasibətləri” kimi xarakterizə olunur. Müasir diplomatiyada şəxsi etimad faktoru ciddi rol oynayır. Dövlətlərarası münasibətlər rəsmi sənədlərlə tənzimlənsə də, siyasi dialoqun keyfiyyəti çox vaxt liderlər arasında formalaşan qarşılıqlı inamdan asılı olur. Bu isə diplomatiyanın yalnız rasionallıq deyil, həm də etimad üzərində qurulduğunu göstərir.
Serbiya–Azərbaycan Strateji Şurasının ilk iclası münasibətlərin institusional mərhələyə keçdiyini nümayiş etdirdi. Müasir beynəlxalq münasibətlər sistemində davamlı əməkdaşlıq strukturlaşmış mexanizmlər tələb edir. Strateji Şura formatı siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın sistemli və koordinasiyalı şəkildə inkişafını təmin edən platformadır. Bu, liberal-institusional yanaşmanın praktik ifadəsidir. Dövlətlər əməkdaşlıq mexanizmləri vasitəsilə qarşılıqlı asılılıq yaradır və beləliklə sabitlik güclənir.
Energetika sahəsində əməkdaşlıq isə səfərin ən mühüm istiqamətlərindən biri kimi çıxış etdi. Azərbaycanın Serbiyaya qaz ixracını artırmaq qərarı və birgə elektrik stansiyasının inşası planı enerji təhlükəsizliyinin geosiyasi əhəmiyyətini göstərir. Enerji müasir dünyada yalnız iqtisadi resurs deyil, həm də strateji alətdir. Xüsusilə Avropa məkanında enerji mənbələrinin şaxələndirilməsi prioritet məsələyə çevrilib. Bu kontekstdə Azərbaycan öz ixrac potensialını artırmaqla regionun enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir.
2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün yaradılması planı Azərbaycanın uzunmüddətli enerji strategiyasını əks etdirir. Bu gücün böyük hissəsinin ixraca yönəldilməsi isə ölkənin geoiqtisadi ambisiyalarını ortaya qoyur. Serbiya üçün isə bu əməkdaşlıq daxili enerji istehsalının güclənməsi, enerji təhlükəsizliyinin təmin olunması və potensial ixrac imkanlarının genişlənməsi deməkdir. Beləliklə, enerji diplomatiyası iki ölkə arasında siyasi tərəfdaşlığın iqtisadi dayağına çevrilir.
Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sərmayə yalnız kapital axını deyil, həm də etimad göstəricisidir. Xarici investorun qərarı ölkədəki sabitlik, hüquqi mühit və islahatların dərinliyi ilə bağlıdır. Serbiyanın təbii resurslarının məhdud olmasına baxmayaraq, iqtisadi inkişaf modelinin uğurlu təqdim olunması idarəçilik və siyasi iradənin nəticəsi kimi qiymətləndirilə bilər. Bu isə iqtisadi suverenliyin siyasi suverenliklə vəhdətdə olduğunu bir daha təsdiqləyir.
Səfərin yekununda səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” ifadəsi diplomatik ritorikanın simvolik çəkisini əks etdirir. Bu cür çağırışlar siyasi münasibətlərə emosional və mənəvi çalar qatır, ictimai rəy səviyyəsində dostluq atmosferini gücləndirir.
Bü səfər Azərbaycan–Serbiya münasibətlərinin yeni, daha strateji mərhələyə qədəm qoyduğunu göstərir. Belə əlaqələr suverenlik prinsipinə sadiqlik, liderlərarası etimad, institusional əməkdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı sərmayə əsaslı çoxşaxəli tərəfdaşlıq modeli ilə xarakterizə olunur. Fəlsəfi baxımdan səfər dövlətçilik ideyasının, diplomatik baxımdan isə praqmatik və balanslaşdırılmış xarici siyasətin praktik təzahürü kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu səfər yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı ilə məhdudlaşmır, həm də müasir beynəlxalq münasibətlər sistemində suveren dövlətlərin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında qurduğu əməkdaşlıq modelinin uğurlu nümunəsini təqdim edir.
Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti