EN

Rubio transatlantik ittifaqı niyə bərpa edə bilmədi?

Avropa ilə ABŞ arasında münasibətlərdəki sakitlik gələcək böhranların yalnız başlanğıcıdır...

Müəllif: Gideon Raxman

The Financial Times nəşri

Şənbə günü Münhen Təhlükəsizlik Konfransında Marko Rubionun çıxışı auditoriyanın bir hissəsi tərəfindən ayaqüstə alqışlandı. Bu o deməkdirmi ki, Avropa liderləri artıq hər şeyi bağışlayıb və indi Tramp administrasiyasını sevirlər?

Heç də yox. Hazırda həm Avropa, həm də ABŞ üçün yeni böhranlardan yayınmaq sərfəlidir. Dövlət katibinin barışdırıcı tonu və zalda isti qarşılanması əsasən bununla izah olunur. Lakin Münhendə Avropa liderlərinin çıxışları — eləcə də onların köməkçiləri ilə söhbətlər — açıq göstərir ki, Rubio transatlantik parçalanmanı aradan qaldırmayıb. Üstəlik, bu parçalanma daha da genişlənəcək və dərinləşəcək, çünki Avropa ölkələri Tramp administrasiyası ilə gələcək böhranlara hazır olmaq üçün müdafiələrini gücləndirməyə başlayırlar.

Tək bir çıxış son bir ildə vurulmuş zərəri aradan qaldıra bilməz. Keçən il Münhen konfransında Cey Di Vensin təhqiramiz və aqressiv çıxışı transatlantik münasibətlərin tədricən pisləşməsinə ton verdi. Trampın Qrenlandiyanı ilhaq etmək hədələri isə Avropada hazırkı Amerika hökumətinin müttəfiqdən çox rəqib olduğu hissini gücləndirdi.

Rubionun çıxışı Mikelancelo və “Bitlz” barədə şirin komplimentlərlə, eləcə də Avropa imperializminə qəribə nostalji ilə dolu olsa da, əsas mesajı Vensin mövqeyindən çox fərqlənmirdi. Avropa ilə yenilənmiş tərəfdaşlıq çağırışı kifayət qədər şərtli idi və şərt isə Avropa liderlərinin MAGA hərəkatının təşviq etdiyi “qan və torpaq” millətçiliyini qəbul etməsi idi.

Aydındır ki, Tramp administrasiyası Avropada öz təbii tərəfdaşları kimi ifrat sağçı və millətçi partiyaları - Almaniya üçün Alternativ, Fransanın Milli Birlik partiyasını, Britaniyanın Reform UK hərəkatını və Viktor Orbanın Fides partiyasını görür. Bu qüvvələr Avropa ölkələrinin mövcud hökumətləri, hətta bəlkə də Avropa demokratiyasının özü üçün birbaşa təhdid sayılır.

Son bir ilin təcrübəsi Avropaya iki əsas dərs verdi. Birincisi, Tramp dövründə transatlantik münasibətlər qaçılmaz şəkildə bir böhrandan digərinə keçəcək. Növbəti böhran Qrenlandiya, ticarət, Ukrayna və ya başqa məsələ üzündən yarana bilər. Amma mütləq yaranacaq. İkinci dərs, Trampı yumşaltmağa çalışmaq səhvdir. Avropalılar ticarətdə bunu sınadılar, ABŞ tariflərini cavabsız qəbul etdilər. Bu isə zəiflik nümayişi kimi qəbul edildi və yeni hücumlara səbəb oldu. Qrenlandiya məsələsində isə başqa strategiya seçildi: vahid mövqe nümayiş etdirildi və cavab verməyə hazır olduqları göstərildi. Bu zaman Tramp geri çəkildi.

Bu o demək deyil ki, avropalılar ABŞ-la açıq düşmənçilik münasibətlərinə razıdırlar. NATO alyansı Avropa təhlükəsizliyinin əsas sütunu olaraq qalır. Ukrayna və digər məsələlər üzrə Tramp administrasiyası ilə konstruktiv əməkdaşlıq imkanları yaranarsa, bundan istifadə ediləcək. Lakin Avropa hökumətləri eyni zamanda ABŞ təzyiqinə qarşı həssaslıqlarını azaltmağa çalışırlar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, “Avropa təhlükəsizlik və rifahımıza təsir edən bütün sahələrdə daha müstəqil olmalıdır”. Almaniya kansleri Fridrix Merts ölkəsinin ABŞ-ın onilliklər boyu Avropanı qoruyan nüvə “çətirindən” imtina edə biləcəyi ehtimalına qarşı Fransa və Böyük Britaniya ilə birlikdə Avropa nüvə çəkindiriciliyinin yaradılmasını nəzərdən keçirdiyini bildirib. Fransa prezidenti Emmanuel Makron süni intellektdən bulud texnologiyalarına qədər “Avropa üstünlüyü” sənaye siyasətinə çağırıb. Böyük Britaniyanın baş naziri Kir Starmer hökumətinin Aİ vahid bazarı ilə daha sıx yaxınlaşmaq istədiyini vurğulayıb və fərqli görünən insanların dinc yanaşı yaşaya bilməyəcəyi fikrini rədd etdiyini sakit şəkildə qeyd edib.

Tramp administrasiyası qarşısında müdafiəni gücləndirməklə yanaşı, avropalılar hücum xarakterli addımlar barədə də düşünürlər. Xüsusilə rəqəmsal xidmətlər sahəsi diqqət mərkəzindədir. Potensial hədəflərdən biri İlon Maskın X platforması ola bilər. İlk addım sosial şəbəkələr üçün Avstraliya modelinə bənzər yaş məhdudiyyətlərinin tətbiqi ola bilər. Növbəti mərhələ isə daha mürəkkəb və mübahisəli olacaq və sosial şəbəkələrin işləmə alqoritmlərinə çıxış tələbini gündəmə gətirə bilər.

Əlbəttə, Avropanın sürətli və effektiv hərəkət edə biləcəyinə şübhə edənlər də var, xüsusilə Aİ ABŞ texnologiya nəhəngləri ilə qarşıdurmaya girərsə, Vaşinqtonun sərt reaksiyası gözlənilir.

Avropanın bir çox milli hökumətləri ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşir. Makron güclü çıxışlar etsə də, ölkə daxilində zəif mövqedədir. Starmerin həm Leyborist Partiyası lideri, həm də baş nazir kimi mövqeyi təzyiq altındadır. Nə Böyük Britaniya, nə də Fransa hərbi və sənaye ambisiyalarını maliyyələşdirmək üçün kifayət qədər resursa malikdir. Merts isə iri və getdikcə populyarlığını itirən koalisiyaya rəhbərlik edir.

Pan-Avropa qərar qəbuletmə prosesi ənənəvi olaraq ləng gedir. Brexit-in struktur nəticələri Böyük Britaniya ilə Aİ əməkdaşlığını xeyli çətinləşdirib. Fransa və Almaniya hökumətləri arasında münasibətlər gərgin olaraq qalır. Orbanın Macarıstanı isə tez-tez Avropanın kollektiv qərarlarını bloklaya bilir.

Bütün bu problemlər realdır. Bununla belə, Avropanın güclü iqtisadi, intellektual və texnoloji resursları var — əsas məsələ onları səfərbər etməyin yolunu tapmaqdır. Çox vaxt məhz böhranlar avropalıları çətin qərarlar verməyə məcbur edir. Tramp belə bir böhran hissi yaradıb və Rubio bunu dağıtmaq üçün heç nə etməyib.

Poliqon.info

Chosen
81
50
poliqon.info

10Sources