EN

Ötən il Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 4%-ə yaxın artıb

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycandan Türkiyəyə 11 milyard 915,35 milyon kubmetr təbii qaz ixrac edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3,8% çoxdur.

Hesabat ilində 11 milyard 524,83 milyon kubmetr təbii qaz uzunmüddətli razılaşma əsasında, 390,5 milyon kubmetr isə spot əsasında təchiz edilib.

Təkcə 2025-ci ilin dekabr ayında isə Azərbaycandan Türkiyəyə 1 milyard 80,66 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,17% çoxdur.

Bununla da dekabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.

Chosen
11
2
turkic.world

3Sources