EN

Yurd sevgisinə bələnmiş “Ay Laçın”

Bu mahnı Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı təntənə ilə səsləndi

Bəzən elə bir mahnı olur ki, onu dinləyəndə sanki kimsə oturub sənə keçmişi danışır. “Ay Laçın” da elə mahnılardandır, insanın daxilində heyrətamiz hislər oyadır. Zaman keçib, illər dəyişib, amma “Ay Laçın” kimi üçün bir xatirə, kimi üçün yurdun səsidir. Bu yazı isə “Ay Laçın”ın necə yarandığından, kimlərin səsində necə yaşandığından bəhs edir. 

Azərbaycanın zəngin musiqi irsinin parlaq nümunələrindən  olan “Ay Laçın” son illər simvolik məna daşıyan  əsər kimi beynəlxalq müstəvidə səsləndirilir. Ötən günlərdə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestrinin bu mahnını ifa etməsi diqqətçəkən  hadisə kimi yadda qaldı. 

2020-ci ildə Bakının “Azadlıq” meydanında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan Zəfər paradı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mahnıdakı məşhur “Arazı ayırdılar” bayatısını səsləndirmişdi. Bu qoşqu da Azərbaycanın tarixi bölünməsini, Araz çayı boyunca ayrılmış taleləri xatırladan ictimai nisgil ifadə edən folklor nümunəsidir.

Araşdırmalara görə, “Ay Laçın” mahnısı, təxminən, 150–200 il əvvəl yazılıb. Lakin mahnıda istifadə olunan bayatıların tarixinin daha qədim dövrlərə gedib çıxdığı ehtimal edilir. Mahnının XIX əsrin ikinci yarısında, xüsusilə Rusiya imperiyasının Cənubi Qafqazda müstəmləkəçilik siyasətindən sonra daha geniş yayılması təsadüfi deyil, çünki bu dövrdə xalq yaradıcılığı bir növ etiraz, yaddaş və milli kimliyin qorunması vasitəsinə çevrilmişdi.

“Ay Laçın”ın musiqi quruluşu Azərbaycan muğam məktəbinin klassik ladlarından biri olan “Bayatı-Şiraz” üzərində formalaşıb. Ladın kədərli, kövrək və dərin emosional çalarları mahnının məzmunu ilə vəhdət təşkil edir. Xüsusilə, Laçın rayonunun uzun illər işğal altında qaldığı dövrdə “Ay Laçın” bu həsrətin,  nisgilin  simvolu olmuşdu.

“Ay Laçın”ı ilk dəfə məşhur dirijor və bəstəkar Səid Rüstəmov  xanəndə Cabbar Qaryağdıoğlunun ifası əsasında nota köçürüb.  1955-ci ildə isə görkəmli bəstəkar Fikrət Əmirov xalq mahnısını mükəmməl formada işləyərək not halına salıb.

1966-cı ildə mahnı Azərbaycan vokal sənətinin əfsanəvi siması Rəşid Behbudovun ifasında lentə alınıb və hazırda Azərbaycan Dövlət Televiziya və Radiosunun Qızıl Fondunda saxlanılır. 

1960-cı illərin sonlarında isə məşhur vokal-instrumental ansamblı “Qaya” qrupu “Ay Laçın” xalq mahnısını müasir aranjimanda təqdim etdi. Qrupun ifasında klassik melodik xətt qorunmaqla yanaşı, həmin dövr üçün xarakterik olan ritmik və harmonik elementlər əlavə olundu. Bu yanaşma “Ay Laçın”ın gənc nəsil tərəfindən də sevilməsinə və geniş auditoriyaya çıxmasına şərait yaratdı.

Mahnının yaddaqalan ifaçılarından biri də özünəməxsus vokal tembri və lirizmi ilə seçilən Akif İslamzadədir. Ümumiyyətlə, ötən illər ərzində dövrün bir çox tanınmış sənətkarları bu xalq mahnısını fərqli üslub və emosional çalarda təqdim ediblər. 

Müstəqillik illərində “Ay Laçın”  beynəlxalq mədəni müstəvidə səslənməyə başlayıb. Belə nümunələrdən biri Norveç xor kollektivinin Azərbaycana səfəri zamanı baş verib. Onlar bir neçə Azərbaycan xalq mahnısı ilə yanaşı, “Ay Laçın”ı da ifa ediblər. 

Mahnının interpretasiya tarixində  mühüm yenilik 2014-cü ildə olub. Xalq artisti Azər Zeynalovun təqdimatında mahnı “Arazı ayırdılar” misrası ilə başlayırdı. Bu dəyişiklik əsərin tarixi-siyasi məzmununu  ön plana çıxararaq bayatının simvolik mənasını gücləndirdi və dinləyicilərdə daha dərin emosional təsir yaratdı.

Beləliklə, “Ay Laçın” onilliklər boyunca müxtəlif səslərlə, müxtəlif aranjimanlarla yaşamağa davam edib. Hər yeni ifa  mahnıya fərqli çalar qazandırsa da, onun əsas ruhu dəyişməz qalıb. 

Müğənni Akif İslamzadənin mahnı ilə bağlı açıqlaması: 

– 1975-ci ildə əsgərlikdən qayıtdıqdan sonra bu mahnını səsləndirdim. O dövrdə yazdığım iki mahnıya – “Bu gecə” və “Qurban verərdim”ə  nədənsə efir qadağası qoyulmuşdu. Mən də  düşündüm ki, xalq mahnısına heç kim bir söz deməz, çünki bu  xalqındır, onu qadağan etmək mümkün deyil.  “Aman ovçu”nu, “Ay Laçın”ı ifa etdim.

Bu mahnını ilk dəfə Rəşid Behbudovun yanında, Azərbaycan Dövlət Mahnı Teatrında oxumuşdum. O vaxt biz ora, bir növ, sınağa gəlmişdik. Oxuyurduq, bacarığımızı göstərirdik ki, Rəşid müəllim baxsın, görsün bizi işə götürmək olar, ya yox. Elə həmin gün ilk dəfə “Ay Laçın” mahnısını oxudum.

Maraqlıdır ki, mahnını oxuyanda içimdə qəribə bir hiss vardı. Sanki bu mahnı mənim səsimə uyğun idi, ya da mən o mahnının ruhuna düşmüşdüm. “Laçın” nəinki bir xalq mahnısıdır, o həm də azadlıqdır, qürurdur, içində üsyan da var, həsrət də. Bəlkə də məni o çətin dövrdə ayaqda saxlayan mahnılardan biri məhz “Ay Laçın” oldu.

Bu mahnını digərlərindən fərqləndirən əsas cəhət ondakı nostalji ovqat, fərqli stilistika və tamam yeni intonasiyadır. “Ay Laçın”ı oxuyanda insan sanki keçmişlə bu gün arasında qalır. Məncə, məhz bu xüsusiyyətlərə görə mahnı illər keçsə də köhnəlmir, əksinə hər dövrdə yenidən kəşf olunur.

“Ay Laçın”ın yaşı, təxminən, 100–150 il əvvələ gedib çıxır, əvvəla, mahnı “Bayatı-Şiraz” ladı üzərində qurulub və bu əsasda yazılan əsərlər, adətən, daha yeni dövrə aid edilir. Digər tərəfdən, mahnının melodiyasında istifadə olunan geniş diapazon, kəskin və açıq intervallar da onun sonrakı mərhələdə formalaşdığını göstərir.

Cəmiyyət arasında bu mahnı ilə bağlı müxtəlif təsəvvürlər var. Bəziləri düşünür ki, mahnı “Laçın” adlı  xanıma ithaf olunub. Açığı, bu versiya o qədər də inandırıcı görünmür. Şəxsən mən Laçın adlı qadın tanımıram. Bu adı daşıyan kişi isə kifayət qədər çoxdur. Amma onu da deyim ki, bir çox müğənnilər  mahnını oxuyarkən sanki bir qadına xitab  edirlər. Bu, daha çox mahnının emosional yükündən və lirikasından irəli gəlir.

Başqa bir yanlış fikir isə budur ki, guya mahnıda söhbət laçın adlı bir quşdan gedir. Ancaq sənətşünasların yanaşmasına görə, burada quş obrazı yoxdur. Mahnının misraları daha çox Qarabağ mühitindən çıxmış, gözəlliyi və məğrurluğu ilə seçilən bir insana ünvanlanıb.

Mənə görə, ən maraqlı versiyalardan biri də “Laçın” sözünün rəmzi mənada işlədilməsidir. “Laçın” gəncliyi, gücü, məğrurluğu, igidliyi ifadə edir. Bu baxımdan mahnını konkret bir məkana və ya şəxsə bağlamaq düzgün olmaz. Elə düşünənlər də var ki, “Laçın” igid bir oğlanın vəsfidir. Mən bu yanaşmanı da istisna etmirəm.

“Ay Laçın”ın gücü ondadır ki, hər kəs bu mahnıda öz yozumunu tapır. Kimisi onu sevgi nəğməsi kimi anlayır, kimisi vətən həsrəti, kimisi də igidliyin tərənnümü kimi. Düşünürəm ki, xalq mahnısını yaşadan da məhz bu çoxqatlı mənadır.

Ləman TƏHMƏZ
XQ

 

Chosen
18
xalqqazeti.az

1Sources