EN

Yeni il gecəsi qonşusunu öldürən şəxs: “Onu söyüşə görə qətlə yetirdim, sonra anama zəng etdim...” – TƏFƏRRÜAT

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2009-cu il təvəllüdül Fuad Quluzadənin cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

 

İttihama aktına əsasən, hadisə Yeni il gecəsi - 01 yanvar 2024-cü il tarixdə saat 00:00 radələrində Tərtər şəhəri, Nizami küçəsi, bina 40 ünvanının qarşısında yerləşən həyətdə baş verib. Təqsirləndirilən şəxs tanışları ilə birlikdə Yeni ilin gəlişini qeyd edərkən, həmin binanın 5-ci mərtəbəsində yaşayan qonşusu Canpolad Tağıyev də həyətdə olub.

 

İş materiallarına görə, Canpolad Tağıyev əlində alışmış vəziyyətdə olan pirotexniki vasitəni – fişəngi Fuadın olduğu istiqamətə atıb. Nəticədə qığılcımlar onun üz nahiyəsinə dəyib. Təqsirləndirilən şəxs buna etiraz edərək fişəngi qəsdən üzünə istiqamətləndirməsinin səbəbini soruşduqda, tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Canpolad Tağıyev onun və ailə üzvlərinin ünvanına (“ana söyüşü”) nalayiq ifadələr işlədib və yumruq zərbəsi ilə sifət nahiyəsinə xəsarət yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fuada burun və sol gözün bayır bucağı nahiyələrində qançırlar, sol diz və sol bud nahiyəsində sıyrıqlar yetirilib. Bu xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyib.

 

Qarşıdurma zamanı təqsirləndirilən şəxs də Canpolada sağ göz yuvasıüstü və sol qaş nahiyəsində qançırlar, sağ dirsək oynağı, döş qəfəsi və oma nahiyəsində sıyrıqlarla nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

 

Tərəflər kənar şəxslərin müdaxiləsi ilə ayrıldıqdan sonra Fuad aldığı xəsarətlərə və ünvanına səsləndirilən təhqirlərə görə qəzəblənərək qisas almaq məqsədilə Canpolad Tağıyevi öldürmək qərarına gəlib. O, yaşadığı mənzilə qalxaraq mətbəxdən bıçağı götürüb yenidən həyətə qayıdıb.

 

Hadisə yerində Canpolad Tağıyevin qardaşı, 2009-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan şəxs də olub. İttihama görə, təqsirləndirilən şəxs müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Canpolad Tağıyevin boyun nahiyəsinə bir bıçaq zərbəsi endirib. Zərbə nəticəsində sol ümumi yuxu arteriyası kəsilib və boyunun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarət baş verib. Kəskin qanitirmə nəticəsində Canpolad Tağıyev hadisə yerində ölüb.

 

Fuad Quluzadə məhkəmədə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində hadisənin ittiham aktında göstərildiyi kimi baş verdiyini, mərhumun onu ağır söyüşlərlə təhqir etdiyini və bu səbəbdən bıçaqla vurduğunu söyləyib.

 

Lakin məhkəmə baxışı zamanı onun istintaqa verdiyi ilkin ifadəsi də tədqiq olunub. Həmin ifadədə təqsirləndirilən şəxs özünü tam təqsirli bilib və hadisənin təfərrüatlarını ətraflı təsvir edib. O qeyd edib ki, dava zamanı Canpolad Tağıyev və onun qohumları tərəfindən döyülüb, bundan sonra evə qalxaraq mətbəxdən taxta dəstəkli bıçağı götürüb həyətə qayıdıb. Əlində bıçaqla Canpolad Tağıyevin üzərinə gedərək əvvəlcə boğaz nahiyəsinə, daha sonra isə döş qəfəsinə zərbə endirib. Zərbələrdən sonra zərərçəkmiş yerə yıxılıb və boyun nahiyəsindən güclü qanaxma başlayıb.

 

Fuad Quluzadə hadisədən sonra evə qalxaraq anasına zəng edib Canpoladı öldürdüyünü bildirib. O, ifadəsində cinayəti tək törətdiyini, heç kimin ona kömək etmədiyini, əməlindən peşman olduğunu qeyd edib.

 

Məhkəmə araşdırması zamanı toplanmış sübutlar, ekspertiza rəyləri və şahid ifadələri əsasında iş üzrə hüquqi qiymət verilib. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunaraq müvafiq hökm çıxarılıb.

 

Məhkəmənin hökmü ilə Fuad Quluzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 17 Fevral 2026, 08:39   
Chosen
67
pravda.az

1Sources