EN

Deputat: “ABŞ Azərbaycanın bu potensialını yüksək dəyərləndirir”

“Məlumdur ki, Baydenin prezidentliyi dövründə ABŞ administrasiyası Azərbaycana qarşı qərəzli mövqedə olub və ən çox ikili standartlarla yanaşıb. Digər tərəfdən çox riyakarcasına 907-ci düzəlişi qüvvədə saxlayıb”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Onun sözlərinə görə, Donald Tramp prezident seçildikdən sonra Azərbaycana münasibət dəyişib: “Trampın prezidentlik dövründə də Azərbaycana və onun həyata keçirdiyi regiondakı qlobal iqtisadi layihələrə həmişə dəstək verilib. TAP, TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi Azərbaycanın iri layihələrinin reallaşmasına siyasi dəstək ifadə olunub. İndi də həmçinin Azərbaycana olan münasibət məlumdur. Artıq Azərbaycan və Amerika arasındakı münasibətlər strateji xarakter daşıyır və ABŞ-nin Prezidenti tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevə həm şəxsi keyfiyyətlərinə, eləcə də müstəqil siyasət həyata keçirməsinə çox böyük rəğbət göstərilir. Bölgədə sülhün bərqərar olunmasına dəstək verilir. 2025-ci il avqustun 8-də ölkə Prezidenti və eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərinə dəvət olunmuş və sülhün əldə olunması ilə bağlı paraflanma həyata keçirilib. Bu da çox mühüm addımdır. Digər tərəfdən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlaqədar Donald Trampın konkret addımları var. Eyni zamanda bu dəhliz Trampın adı ilə bağlıdır, ‘Sülh və Rifah Marşrutu’ adlanır”.

 

A.Hüseynov qeyd edib ki, ABŞ ilə bütün sahələrdəki əməkdaşlığımızın artıq çox müsbət meyl və istiqamətləri müəyyənləşib: “Hesab edirəm ki, bundan sonra da ABŞ ilə Azərbaycan arasında iqtisadi, siyasi münasibətlər daha da dərinləşəcək. Həm enerji sektorundakı əməkdaşlıq, digər tərəfdən süni intellekt və data mərkəzlərinin Azərbaycanda geniş şəkildə tətbiq olunması ilə bağlı ABŞ-nin verəcəyi töhfə, digər tərəfdən məlum olduğu üzrə Azərbaycan regionda siyasi-iqtisadi cəhətdən böyük güc mərkəzidir və böyük enerji resurslarına malikdir, həmçinin bərpa olunan enerji resurslarımız kifayət qədərdir. Orta dəhliz üzərində çox əhəmiyyətli seqmentə malikdir. Cənubi qaz dəhlizi ilə bağlı Azərbaycanın yaratdığı reallıq bugün 16 ölkəyə mavi yanacaq ixrac etməyimizlə artıq səciyyələnir və bütün Azərbaycanın bu kimi nailiyyətləri, Cənubi Qazqazda oynadığı böyük rol eyni zamanda ABŞ-nin Azərbaycanın bu fəaliyyət və keyfiyyətlərinə dəyər verməsi hər iki ölkə arasındakı əlaqələri daha da genişləndirir. Azərbaycan və ABŞ arasındakı iqtisadi və siyasi münasibətlərin genişlənməsi və daha da inkişaf etməsi Azərbaycanın regionda uğurunu daha da artırır. Azərbaycanın beynəlxalq nüfuzunun artması, onun bölgədə aparıcı dövlətə çevrilməsi regionda təhlükəsizlik və regionda böyük iqtisadi layihələrin həyata keçməsi deməkdir ki, ABŞ da Azərbaycanın bu potensialını yüksək dəyərləndirir”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Fevral 2026, 08:21   
Chosen
48
pravda.az

1Sources