EN

Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasındakı münasibətlərə mühüm dəstəkdir

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya tarixi sənəddir. Bu, ilk növbədə Tramp administrasiyasının Cənubi Qafqaza, Azərbaycana xüsusi yanaşması, ölkəmizin dünyada artan nüfuzuna bir işarədir. 

Milli Məclisin deputatı Vüqar İskəndərov qəzetimizə açıqlamasında bildirib ki, bu həm də ölkəmizin nüfuzunun beynəlxalq aləmdə güc sahibi olan ABŞ tərəfindən qəbul edilməsidir. Strateji sənədin imzalanması ölkəmizin həm regionda, həm də dünyada qlobal aktor olduğunu bir daha sübut edir. "Bu, əsasən postmünaqişə dövründə Azərbaycanın artan nüfuzunun qəbul edilməsi anlamına da gəlməlidir. Ölkəmiz milli maraqlarına söykənən müstəqil və uğurlu siyasət həyata keçirir. Azərbaycanın Türkiyə, Rusiya, Çinlə, ABŞ, İran və İsraillə, ümumilikdə əks qütbdə olan ölkələrlə doğru və faydalı əməkdaşlıq qurması onun beynəxalq nüfuzunu daha da artırır. Bu xartiya da bizim balanslaşdırılmış xarici siyasətimizin uğuruna bir işarədir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, ABŞ həmin sənəddə ərazi bütövlüyümüzü, suverenliyimizi, sərhədlərimizin toxunulmazlığını dəstəklədiyini, həmçinin regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqların əhəmiyyətini bir daha təsdiqləyir. Xartiyada ABŞ-nin "Cənub qaz dəhlizi"ni dəstəkləməsi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi niyyəti ifadə olunur.  

V.İskəndərov bildirib ki, ABŞ gələcəyin enerjisi - bərpaolunan enerji sahəsində Xəzərin külək enerji, Qarabağ və Naxçıvanın "yaşıl enerji" potensialını görür və bu, Amerika investisiya və texnologiyası üçün yeni sahələrdir. Ümumilikdə enerji təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirməyi planlaşdırır. 

Deputat vurğulayıb ki, Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasındakı münasibətlərə dəstək verəcək: "Bu sənəd ötən ilin avqustun 8-də Vaşinqton Sülh Zirvə görüşünün Bəyannaməsinə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq layihə - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini də bir daha ortaya çıxarır. Bütün bunlar göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar özünün müsbət rolunu oynayır. Sənəd sayəsində NATO ilə tərəfdaşlıq, sərhəd təhlükəsizliyi, terrorra qarşı birgə mübarizə sahəsində əməkdaşlıq daha da genişlənəcək. Ölkəmizin nəqliyyat qovşaqlarının mərkəzində yerləşməsi, bu istiqamətdə həyata keçirdiyi layihələr, Avrasiya nəqliyyat və enerji qovşağı olması, həmçinin Amerika üçün Orta dəhlizin təhlükəsizliyinin strateji məsələ olması iki ölkə arasındakı münasibətlərə də təsir göstərir".

V.İskəndərov diqqətə çatdırıb ki, ABŞ ilə Azərbaycan həmçinin süni intellekt, rəqəmsal texnologiyalar sahəsində də əməkdaşlıq edəcəklər. Bu sahədə ABŞ investisiyalarının ölkəmizə axını da gözlənilir. Rəqəmsal informasiya və təhlükəsizlik, startap sahələrində əməkdaşlığın və təcrübənin vacib olduğu hər kəsə məlumdur. Bununla biz təcrübəli ölkədən yararlana biləcəyik. "Digər mühüm məsələ Azərbaycanın iqtisadi diversifikasiyadır. Belə ki, qeyri-neft sektorunun inkişafı üçün ABŞ kapitalı və təcrübəsi də gələcəkdə mühüm rol oynaya bilər", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, ümumilikdə bu xartiya Azərbaycanı enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları baxımından ABŞ üçün strateji tərəfdaşa çevirir. Zaman ötdükcə münasibətlər ən yüksək səviyyəyə qalxacaq. Azərbaycanın qlobal dünyada artan rolunun region dövlətləri, eyni zamanda ABŞ üçün də önəmli olduğu qabarıq şəkildə üzə çıxacaq. Bu da Azərbaycanın ən böyük uğurlarından biri sayılmalıdır.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources