EN

Britaniya bankları Visa və Mastercard-a milli alternativin yaradılmasını müzakirə edirlər

ABŞ-nin ödəniş sistemlərindən asılılıq fonunda London suveren maliyyə infrastrukturunun qurulmasını gündəmə gətirir...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın ən iri banklarının rəhbərləri ABŞ-nin Visa və Mastercard ödəniş sistemlərinə alternativ olaraq milli ödəniş platformasının yaradılması məsələsini müzakirə etmək üçün ilk dəfə bir araya gələcəklər. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Təşəbbüsün irəli sürülməsi ABŞ prezidenti Donald Trampın qlobal maliyyə infrastrukturundan siyasi təzyiq aləti kimi istifadə edə biləcəyi ilə bağlı artan narahatlıqlarla əlaqələndirilir.

Məlumata görə, fevralın 19-da keçiriləcək görüşə “Barclays” bankının Böyük Britaniya üzrə rəhbəri Vim Maru sədrlik edəcək. Toplantıda yeni milli ödəniş şirkətinin yaradılması, onun maliyyələşdirilməsi və fövqəladə hallarda ölkə iqtisadiyyatının fasiləsiz işləməsini təmin edəcək mexanizmlər müzakirə olunacaq. Layihənin əsas məqsədi xarici ödəniş şəbəkələrindən asılılığı azaltmaq və mümkün kənar müdaxilə risklərini minimuma endirməkdir.

Böyük Britaniyanın Ödəniş Sistemləri Tənzimləyicisinin, PSR-in məlumatına əsasən, ölkədə kart əməliyyatlarının təxminən 95 faizi Visa və Mastercard platformaları üzərindən həyata keçirilir. Eyni zamanda, nağd ödənişlərin payı ildən-ilə azalır və iqtisadiyyat getdikcə daha çox rəqəmsal əməliyyatlardan asılı vəziyyətə düşür. Bu isə milli alternativin yaradılması ideyasını strateji əhəmiyyətli məsələ kimi ön plana çıxarır.

Layihə ilə tanış olan mənbələrdən biri bildirib ki, Visa və Mastercard sistemlərinin fəaliyyətini dayandırması ölkəni faktiki olaraq 1950-ci illərin iqtisadi modelinə qaytara bilər. Onun sözlərinə görə, həmin dövrdə biznes əsasən yalnız nağd ödənişlərə güvənirdi və müasir rəqəmsal iqtisadiyyat üçün bu ssenari ciddi risklər yaradar. Mənbə vurğulayıb ki, suveren ödəniş sisteminin yaradılması artıq zərurətə çevrilib.

Oxşar müzakirələr Avropa İttifaqında da aparılır. Avropa Parlamentinin iqtisadi məsələlər komitəsinin rəhbəri Oror Lalük bəyan edib ki, Avropanın əsas problemi öz müstəqil ödəniş sisteminin olmamasıdır və ABŞ istənilən anda mövcud platformaları dayandıra bilər. O, ödəniş sistemləri sahəsində “Avropa Airbus”unun yaradılmasına çağırış edib. Avropa Bank Təşəbbüsü, European Payments Initiative təşkilatının direktoru Martina Vaymert də Avropa üçün ABŞ mənşəli ödəniş sistemlərinə alternativin yaradılmasının təcili zərurət olduğunu bildirib.

Ekspertlərin fikrincə, qlobal geosiyasi gərginlik və sanksiya alətlərinin geniş tətbiqi fonunda maliyyə suverenliyi anlayışı dövlətlərin iqtisadi təhlükəsizlik strategiyalarında prioritet istiqamətə çevrilir. Britaniyada başlanılan müzakirələr də məhz bu kontekstdə qiymətləndirilir və yaxın aylarda konkret institusional addımların atılması gözlənilir.

Poliqon.info

Chosen
73
poliqon.info

1Sources