ABŞ-ın Belçikadakı səfiri Bill Uayt Krallığın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Publika.az xəbər verir ki, bunu Belçika xarici işlər naziri Maksim Prevost açıqlayıb.
Onun sözlərinə görə, bu, səfirin Krallığı antisemitizmdə ittiham edən "X"də yayımladığı yazıya görə baş verib. Nazir bu barədə hər hansı bir iddianın səhv, təhqiramiz və qəbuledilməz olduğunu bildirib.
"Belçika bütün tərəfdaşları ilə dialoqa açıqdır. Lakin demokratik təsisatlarımıza hər hansı bir müdaxilə və hər hansı əsassız ittiham qırmızı xətti keçir. Suverenliyə hörmət hər iki tərəf üçün keçərlidir", - XİN başçısı vurğulayıb.
Xatırladaq ki, Antverpendə tibbi lisenziyası olmadan sünnət edən yəhudi dini liderlərinin axtarışı və saxlanılmasından sonra amerikalı diplomat "onlar min illərdir öyrədilənləri tətbiq edirlər", deyə bildirib.