EN

Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin işğal altındakı İordan çayının qərb sahilində yerləşən "Ofer" həbsxanasında keçirilən reyd zamanı fələstinli məhbuslara qarşı qeyri-insani rəftar nümayiş etdirdiyi iddia olunur.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar Cəmiyyəti məlumat yayıb. İddialara görə, nazir reyd zamanı məhbusların başlarını ayaqlayıb və onların təhqir olunmasını kameraya çəkdirib.

Ramallah yaxınlığındakı həbsxanada keçirilən əməliyyat xüsusi təlim keçmiş itlər və səs qumbaralarının tətbiqi ilə müşayiət olunub. Nazir Ben-Qvirin həbsxananın "Blok 26" bölməsində təxminən bir saat qaldığı və burada fələstinli məhbuslara qarşı təxribat xarakterli bəyanatlarla çıxış etdiyi bildirilir. Nazirin bu görüntülərin yayılmasında israr etdiyi və fələstinli məhbuslar üçün ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsinə dəstək şüarları səsləndirdiyi vurğulanır.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, 2022-ci ilin sonunda Ben-Qvir vəzifəyə gəldikdən sonra fələstinli məhbusların saxlanma şəraiti kəskin şəkildə pisləşib. Hazırda İsrail həbsxanalarında 350-si uşaq olmaqla, 9300-dən çox fələstinlinin saxlanıldığı bildirilir. Fələstin tərəfi bu hərəkətlərin sistematik işgəncə metodlarının bir hissəsi olduğunu və beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bəyan edib.

Chosen
17
turkic.world

1Sources