EN

Dambrauskas: “VAR ın azarkeşi deyiləm”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qəbələ” çox yaxşı komandadır. Yaxşı məşqçi işi görünür. Turnir cədvəlində belə aşağıda olmalı deyillər. Daha yuxarılarda olmağa layiqdirlər. İlk hissədə istədiklərimizi həyata keçirə bilmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. İkinci hissədə müəyyən düzəlişlər etdik. Fasilədən sonra daha yaxşı başladıq, qol vurduq, fərqi artırmaq üçün imkan yaratdıq. Lakin oyunun sonları bizim üçün çox çətin keçdi. “Qəbələ” bütün gücü ilə irəli atılmışdı. Onlar xoş sözlərə layiqdirlir. Qapıçımız Stas Pokatilov möhtəşəm qurtarış etdi. “Qəbələ” bəlkə də, bir xala layiq idi.

– Komandanın birinci sırada olması əlavə təzyiq yaratmır?

– Bu haqda düşünmürük. Bütün diqqətimiz növbəti matçdadır. Heç vaxt turnir cədvəlinə baxmırıq. İşimizə fokuslanmışıq və nəyi harda düzəldə bilərik deyə düşünürük. Sadəcə bunlara köklənirik.

– Litvada çempionluğa oynayan komandanın əsas rəqibi ilə oyunu avrokuboklara görə təxirə salınsa, idman camiəsinin reaksiyası necə olardı?

– Öz oyunlarımıza köklənirik. Litvada da bəzən belə hallar baş verir. Bəzən matçlar təxirə salına bilir. Amma bilmirəm, belə olmalıdır, ya yox. Təqvimə nəzarət edən qurumlar baxmalıdır bu məsələyə. İndiki məqamda təxirəsalma bizi düşündürmür. Biz özümüzə fokuslanmışıq. “Qarabağ” Avropada yaxşı nəticələr əldə edib, amma çempionatı da unutmaq olmaz. Məsələ qərar verən qurumlarla bağlıdır. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm. 

– İngiltərədə məşqçiliyi oxumusunuz. “Qarabağ”ın “Nyukasl”la oyunda şanslarını necə dəyərləndirirsiniz?

– Bu suala cavab verməyəcəyəm.

– “Qarabağ”ın təcrübəsi var, “Sabah” isə uğura acdır. Çempionluq üçün hansına daha çox ehtiyac var?

– Biz özümüzlə mübarizə aparırıq. Hər dəfə özümüzə köklənir, səhvlərimiz üzərində çalışırıq. Gələcəkdə nə olacağını mayın sonunda biləcəyik.

– Azərbaycan yığması Millətlər Liqasında Litva ilə bir qrupa düşüb. Şansları necə dəyərləndirirsiniz?

– Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Çünki Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Məsələn, bizim “Çelye”də çıxış edən çox güclü hücumçumuz var. O, ağır zədə alıb. Konfrans Liqasında çoxlu qollar vurmuşdu. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir.

– “Qəbələ”nin son dəqiqələrdə ləğv olunan qolu haqda nə düşünürsünüz?

– Bizim kameramızdan baxanda əllə oyun görünürdü. Lakin VAR da var. Onlar daha dəqiq qərar verə bilərlər. “Sumqayıt”la oyunda iki qolumuzu ləğv etmişdilər. Bu gün də bizim kameradan görünürdü ki, top ələ dəyib. Özüm VAR-ın azarkeşi deyiləm. Düzdür, bu oyun çox çətin idi. Son 10 dəqiqə rəqib daha üstün oynayırdı. Düşünürəm ki, əlavə 5-6 dəqiqə olsaydı, “Qəbələ” fərqlənə biləcəkdi. Ona görə bu səhvlərimizi təhlil edib, nəticə çıxarmalıyıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
104
futbolpress.az

1Sources