EN

Rubio İranla razılığa gəlməyin çətin olduğunu bildirdi

Rubio İranla razılığa gəlməyin çətin olduğunu bildirdi

ABŞ-ın dövlət katibi Marko Rubio İranla saziş bağlamağın çətin olduğunu bildirib. Dövlət katibi Rubio Macarıstanın paytaxtı Budapeştdə rəsmi təmasları çərçivəsində Baş nazir Viktor Orban ilə keçirilən birgə mətbuat konfransında çıxış edib.

Rubio liderlər arasındakı münasibətlərin ölkələr arasındakı əlaqələr üçün nə dərəcədə əhəmiyyətli olduğuna toxunaraq: "Nəticədə hamımız insanıq və qurduğunuz bu şəxsi bağ münasibətlərin formalaşmasında və daha da inkişaf etməsində böyük fərq yaratdı. Əminliklə deyə bilərəm ki, Prezident Tramp sizin uğurunuza dərindən sadiqdir, çünki sizin uğurunuz bizim uğurumuzdur" ifadələrini işlədib.

Rubio Macarıstanın maliyyə çətinlikləri yaşaması və ya ölkənin sabitliyini təhdid edən vəziyyətlərdə Prezident Trampın bu məsələlərlə yaxından maraqlanacağını diqqətə çatdırıb. Macarıstan iqtisadiyyatının inkişaf etməsini istədiklərini bildirən Rubio Orbana xitabən "Macarıstanın uğur qazanması bizim milli marağımızdır", – deyib.

İranla bağlı sualları da cavablandıran Rubio bu ölkə ilə razılığa gəlməyin çətinliyini dilə gətirib: "İran nəticə etibarilə şiə ruhanilər tərəfindən idarə olunur və qərarlar da radikal şiə ruhaniləri tərəfindən müəyyən edilir. Bu şəxslər siyasi qərarları tamamilə teologiya əsasında qəbul edirlər".

Rubio danışıqlar haqqında öncədən hökm verməyəcəyini qeyd edərək, diplomatik yolla nail olmaq fürsətinin olduğunu, lakin prosesin çətinliyini vurğulayıb: "Buna çox açıq və müsbət yanaşacağıq. Amma bunu da şişirtmək istəmirəm, çünki çətin olacaq".

Chosen
80
afn.az

1Sources