EN

Dambrauskas: “Qəbələ” bu gün 1 xala layiq idi” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna görə hər iki komandaya təşəkkür edirəm. “Qəbələ” çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. “Qəbələ” turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə “Qəbələ” tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdirlər. Bəlkə də “Qəbələ” bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq “Kəpəz”lə oyuna hazırlaşmalıyıq.

Hakim qərarları mənim səlahiyyətimdə olan məsələ deyil. Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Bəzən VAR lehinə, bəzən əleyhinə işləyir. “Sumqayıt”la matçda bizim əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf “Qəbələ” olacaqdı. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq.

Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik. Hələ qarşıda 13 oyun var. Çempionluq yarışında olsaq da, biz daha çox özümüz özümüzlə yarış içindəyik, mübarizə aparırıq. Daha çox öz oyunumuza köklənirik, səhvlərimizin üzərində işləyirik. Nələrin baş verəcəyini mayın sonunda biləcəyik”.

“Qarabağ”ı başa düşmək olar”

Dambrauskas “Qarabağ”ın “Neftçi” ilə oyununun təxirə salınmasına da toxunub:

“Bu, bizim səlahiyyətimizdə olan bir şey deyil. Əsas məqsədimiz komandanı öz oyunlarımıza kökləməkdir. Litvada da bəzən belə hallar baş verir. Sentyabra qədər avrokubokların təsnifat mərhələsinin oyunları olur. Belə hallarda bizim ölkədə də çempionat matçları təxirə salınır. Amma bilmirəm bu, belə olmalıdır, ya yox. Təqvimə nəzarət edən qurumlar olmalıdır. “Neftçi” və “Qarabağ” köklü klublardır. Biz daha çox özümüzə köklənirik. “Qarabağ”ı başa düşmək olar. Tarixi uğur əldə ediblər. Amma belə olan halda daxili çempionatı da unutmaq olmaz. Qərar verən şəxs mən deyiləm. Bunun üçün qurumlar var və mən onlara hörmət edirəm”.

Dambrauaskas UEFA Millətlər Liqasında Azərbaycan və Litva yığmalarının eyni qrupa düşməsinə də toxunub:

“Hansı ölkədə işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva yığması onların millisi ilə eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim “Çelye”də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında “Qarabağ”da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
96
arena.az

1Sources