Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin Ofisinin birgə təşkilatçılığı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a həsr olunmuş növbəti çoxtərəfli məsləhətləşmələr keçirilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli bildirib. Onun sözlərinə görə, Miqrasiya üzrə Qlobal Paktın rəhbər prinsiplərindən olan “ümumcəmiyyət prinsipi”nə əsaslanan məsləhətləşmələrdə ölkəmizdə miqrasiya sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. İnteraktiv müzakirələr zamanı Miqrasiya üzrə Qlobal Paktın məqsəd və prinsipləri, onun icrası istiqamətində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, qeyri-hökumət təşkilatlarının Paktın həyata keçirilməsinə verdiyi töhfələr və təkliflər, həmçinin Forum öncəsi prioritetlər diqqət mərkəzində olub.