Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Gecə saatlarında heç bir aydın səbəb olmadan oyanmalar hormonal dəyişikliklər və qanda qlükoza səviyyəsinin enib-qalxması ilə əlaqəli ola bilər. Bu barədə britaniyalı ümumi praktika həkimi Amir Khan məlumat verib.
Redaktor.az xəbər verir ki, ekspertin fikirlərini Daily Mirror nəşri yayıb.
Həkimin sözlərinə görə, bir çox insan gecə təxminən eyni vaxtda daha çox saat üç radələrində oyanır. Onun izahına əsasən, gecə saat 02:00-04:00 aralığında orqanizmdə xüsusi mərhələ başlayır və səhər oyanışına hazırlıq məqsədilə kortizol hormonunun səviyyəsi artır. Bu proses fizioloji baxımdan normal sayılsa da, xroniki stress və ya təşviş fonunda sinir sistemi bu dəyişikliklərə daha həssas reaksiya verə və qəfil oyanmaya səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, əlavə amillərdən biri də qanda şəkərin səviyyəsinin azalmasıdır. Səhərə yaxın saatlarda qlükoza təbii şəkildə enir. Lakin bu azalma daha kəskin olarsa – məsələn, gec saatlarda ağır yemək qəbulu, alkoqol istifadəsi və ya uzunmüddətli gərginlik fonunda orqanizm bunu adrenalin ifrazı ilə kompensasiya edir. Nəticədə ürəkdöyünmənin artması və narahatlıq hissi yarana bilər.
Həkim qeyd edib ki, gecə saatlarında emosional həssaslıq da yüksəlir. Yuxu çatışmazlığı beyni təşvişli düşüncələrə qarşı daha həssas edir. Gün ərzində əhəmiyyətsiz görünən narahatlıqlar gecə vaxtı daha ciddi problem kimi qəbul oluna bilər.
Ekspert xəbərdarlıq edib ki, oyanma qorxusu özü də problemi dərinləşdirə bilər. Pis yatacağını gözləmək gərginliyi artırır, stress hormonlarının ifrazını gücləndirir və nəticədə xroniki yuxusuzluğa, eləcə də ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb ola bilən qapalı bir dövr formalaşdırır.
Nuriyyə NATİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.