EN

Bloomberg: “Warner Bros.” “Paramount” ilə satış danışıqlarını bərpa etmək istəyir

“Warner Bros. Discovery” (WBD) rəhbərliyi ötən həftə şirkətin alınması ilə bağlı təklifini yeniləyən “Paramount Skydance Corp.” ilə danışıqları bərpa etməyi nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “Bloomberg” yazır.

Sahibkar Larri Ellisonun oğlu Devid Ellisonun rəhbərlik etdiyi “Paramount” ötən ilin sentyabrından etibarən WBD-ni almağa çalışır. 5 dekabrda isə “Netflix” WBD-dən “HBO Max” striminq xidmətini, kinostudiyaları və digər aktivləri 82,7 milyard dollara aldığını elan etmişdi. Bundan sonra “Paramount” ilə “Netflix” arasında “təklif savaşı” başlayıb. Xüsusilə, “Paramount”un WBD-ni düşməncə ələ keçirmə yolu ilə almağa çalışdığı bildirilirdi.

Ötən həftə “Paramount” yenilənmiş təklif təqdim edib. Şirkət “Netflix” ilə müqavilənin ləğvi üçün nəzərdə tutulan xərcləri (2,8 milyard dollar) ödəməyi və 2027-ci ildən etibarən sövdələşmə başa çatana qədər səhmdarlara hər rüb səhm başına 25 sent “gözləmə haqqı” ödəməyi vəd edib. Bununla belə, ümumi təklif dəyişməyib — səhm başına 30 dollar və ya bütün şirkət üçün təxminən 108,4 milyard dollar.

“Bloomberg”in məlumatına görə, WBD rəhbərliyi hazırda bu təklifin “Netflix” ilə razılaşmadan daha sərfəli olub-olmadığını müzakirə edir. “Netflix” bütün şirkəti deyil, yalnız aktivlərin bir hissəsini almaq niyyətindədir. Mənbələrin sözlərinə görə, WBD-nin direktorlar şurası hələlik növbəti addımlarla bağlı qərar qəbul etməyib.

Chosen
18
banker.az

1Sources