EN

Qazaxıstanlı nazir: Peyk monitorinqi Astana və Bakının ekoloji əməkdaşlığının prioritet istiqamətlərindən biridir

Astana, 16 fevral, AZƏRTAC

Qazaxıstan ilə Azərbaycan arasında ekologiya sahəsində əməkdaşlığın perspektivli sahələrinə neft dağılmalarının qarşısının alınması və cavab tədbirləri üçün peyk monitorinq sisteminin hazırlanması, rəqəmsal və innovativ ekoloji texnologiyaların tətbiqi, su ehtiyatlarının idarə olunması, biomüxtəlifliyin qorunması sahəsində təcrübə mübadiləsi, həmçinin birgə elmi və təhsil təşəbbüslərinin həyata keçirilməsi daxildir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib.

Nazirin sözlərinə görə, bu il Aktauda Qazaxıstan Xəzər Dənizi Tədqiqat İnstitutunda Qazaxıstan və Azərbaycan da daxil olmaqla Xəzəryanı dövlətlər arasında elmi əməkdaşlığı genişləndirəcək iki tədbir planlaşdırılır.

O qeyd edib: “Bu tədbirlərdən birincisi “Xəzər dənizinin dəniz mühitinin monitorinqi: məlumatların ölçülməsi, emalı və ötürülməsinin müasir vasitələri” mövzusunda təlim seminarının təşkili və keçirilməsi ilə bağlıdır. İkinci tədbir isə “Birgə elmi tədqiqatlar: Xəzər dənizinin mövcud problemlərinin həllinin açarı” adlı Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümünü qeyd etmək üçün keçiriləcək görüşdür.

Tədbirlərin bu ilin iyun-avqust aylarında Aktauda bütün Xəzəryanı dövlətlərdən mütəxəssislər və alimlərin iştirakı ilə keçirilməsi planlaşdırılır”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
103
azertag.az

1Sources