Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu 75 yaşlı pasiyent üzərində yüksək riskli və mürəkkəb müdaxiləni uğurla icra edib.
Xəstə 9 il əvvəl açıq ürək əməliyyatı keçirib, sonra isə aorta qapağında kritik darlıq diaqnozu ilə müraciət edib. Eyni zamanda, hər iki aşağı ətraf damarlarının tam tıxalı olması ilə əlaqədar standart femoral giriş yolu mümkün olmayıb.
Həmin mürəkkəb klinik vəziyyət nəzərə alınaraq, multidissiplinar komanda yanaşması tətbiq edilib.
Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu həkimlər Nurlan Mahmudov və Şəhla Agayeva ilə birgə alternativ giriş yolu seçərək körpücükaltı arteriya vasitəsilə Transkateter Aorta Qapaq İmplantasiyası (TAVI) əməliyyatını icra edib.
Əməliyyat yüksək peşəkarlıq və koordinasiya şəraitində uğurla tamamlanıb, pasiyentin hemodinamik göstəriciləri stabilləşib və erkən postoperativ dövr problemsiz keçib.
Həmin əməliyyatyın uğurla yerinə yetirilməsi Mərkəzi Gömrük Hospitalında yüksək riskli və kompleks kardioloji halların müasir texnologiyalar və təcrübəli mütəxəssislər tərəfindən effektiv şəkildə idarə edildiyini göstərir.