EN

“Qarabağ” – “Nyukasl” matçı norveçli hakimə tapşırıldı – ARENA.AZ

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyununa hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bakıda baş tutacaq bu qarşılaşmanı Norveçdən olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Espen Eskos olacaq. Ona yan xətdə həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR-da niderlandlı Rob Diyperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.

Qeyd edək ki, “Qarabağ”- “Nyukasl” matçı fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə (saat 00:00-da) İngiltərədə təşkil ediləcək.

Onu da xatırladaq ki, Espen Eskos azərbaycanlı futbolsevərlər üçün tanış hakimdir. Norveçli referi daha əvvəl Azərbaycan millisinin matçını idarə edib. 37 yaşlı FIFA referisi 2021-ci ildə yığmamızın İrlandiya komandasına qarşı görüşündə əsas söz sahibi olub. Ədalət təmsilçisi DÇ-2022-nin seçmə mərhələsində millinin məğlubiyyətinə şahidlik edib. Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə qonaqlar 3 cavabsız qolla üstün olublar.

Norveçli hakim 2019-cu ildən beynəlxalq matçlara təyinat alır. O, cari mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində 4 qarşılaşmanı idarə edib. 11 sarı vərəqə göstərən Espen Eskos hələlik qırmızı vərəqəyə ehtiyac duymayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
24
11
arena.az

10Sources