EN

Ehtiram Quliyev 1 ay sonra özündə hünər tapmadı… "Sportinfo"nun suallarından yayındı!

"Bildirmək istəyirik ki, cari mövsümün sonunadək "Turan Tovuz" PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyevin geniş müsahibəsi nəzərdə tutulmayıb.

Anlayışınız üçün təşəkkür edirik!".

Bu məktub "Turan Tovuz"un mətbuat xidməti tərəfindən saytımızın elektron ünvanına göndərilib.

Düz 1 aylıq aradan sonra.

Çox təəssüf…

Ehtiram Quliyevdən gözlədiyimiz reaksiya bu deyildi. Hələ ötən ilin dekabrında kluba rəsmi surətdə müraciət edərək, İdarə Heyətinin sədrindən müsahibə almaq istəyimizi bildirmişdik.

Böyük ümidimiz var idi ki, o, "Sportinfo TV"nin suallarını cavablandıracaq, bütün mətləblərə aydınlıq gətirəcək.

Ehtiram Quliyev çox gözəl bilir ki, saytımız ona və klubuna münasibətdə necə obyektvdir.

Bunu tovuzlu futbolsevərlərin xoş münasibətindən də görmək olar. Sportinfo.az-ı sevə-sevə oxuyur, «Sportinfo TV»ni doya-doya izləyirlər.

Elə gün yoxdur ki, rayonun futbol ictimaiyyətindən müraciətlər almayaq. Bizdən Ehtiram bəyi müsahib seçməyimizi, onları da maraqlandıran sualları cavablandırmasını istəyirdilər.

Biz sevimli "Turan Tovuz" fanatlarının sözünü yerə salmadıq, nəzərə aldıq. Hətta hansı istiqamətlər üzrə danışmaq niyyətində olduğumuzu da kluba göndərdiyimiz məktubda bir-bir qeyd elədik.

Düşündük ki, hörmətli sədr vəziyyəti düzgün qiymətləndirəcək, yerli publikanın narahatlığına son qoyacaq.

Olmadı.

Ehtiram Quliyev bizi 1 aydan artıq müddətdə gözlədi və sonda söhbətdən yayındı.

Nədən özündə cəsarət tapmadı? Açığı, bu, bizə hələ də qaranlıq qaılb. Ölkənin ən oxunaqlı idman saytlarından birinə qonaq olmaq fürsətini qaçırmasının səbəbini bilmirik, amma bilmək istəyirik.

Bunun üçün gözəl nümunə var - Kamran Eyyubov. Premyer Liqada ilk dəfə çıxış edən klubun prezidenti redaksiyamızın qonağı oldu, «Sportinfo TV»yə danışdı.

Onunla polemika kifayət qədər açıq, səmimi və baxımlı alındı.

Hörmətli Kamran bəy heç bir sualın başına ip salmadı, ondan soruşulan bütün məsələlərə, problemlərə aydınlıq gətirdi və bu verliş istər futbol elitasında, istər «yutub» kanalımızın izləyiciləri, istərsə də azarkeşlər arasında böyük maraqla qarşılandı, rəğbət doğurdu.

Ehtiram Quliyev dəyərli həmkarından örnək ala bilərdi. Nədnsə fərqli yol seçdi, bizdən gizləndi.

Bununla belə, biz hələ də qapı-pəncərəmizi onun üzünə bağlamamışıq.

Nə vaxt özündə hünər tapsa, ondan video-müsahibə almağa hazırıq.

SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources