EN

“Otokar” Rumıniya Ordusuna çatdırılmış COBRA II zirehli nəqliyyat vasitələrinin sayını açıqlayıb

Türkiyənin “Otokar” şirkəti, Rumıniya Milli Müdafiə Nazirliyinin “C.N. Romtehnica S.A” (“Romtehnica”) şirkəti tərəfindən elan edilmiş, dəyəri 857 milyon avro olan 4×4 taktiki təkərli yüngül zirehli nəqliyyat vasitələrinin tədarükü tenderi çərçivəsində istehsal, çatıdırılma və investisiya işlərini davam etdirir.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu proses paralelində “Otokar”, yerli istehsala hazırlıq üzrə aralıq mərhələlərin vaxtında yerinə yetirilmədiyi və gecikmiş çatdırılma iddiaları ilə əlaqədar 1 milyard 952 milyon və 2 milyard 326 milyon TL məbləğində ödəniş tələbləri ilə üzləşib.

Rumıniya 4×4 zirehli nəqliyyat vasitəsi layihəsi çərçivəsində tərəfdaş şirkət olan “Automecanica SA” səhmlərinin 96.77 faizini təxminən 85 milyon avroya almaq üçün müqavilə danışıqlarına başlayan “Otokar”, bu əməliyyatın aprel ayında yekunlaşmasını hədəfləyir.

Şirkət bu satınalma ilə qlobal böyümə strategiyası çərçivəsində mühüm addım ataraq Avropa İttifaqında (Aİ) öz zavodu ilə zirehli texnika istehsal edən müdafiə sənayesi şirkətinə çevrilməyi və Aİ müdafiə proqramlarında daha fəal iştirak etməyi planlaşdırır.

“Otokar”ın baş direktoru Aykut Özüner, Rumıniya müqaviləsi üzrə son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, “Automecanica SA”ya sərmaya həm mövcud Rumıniya layihəsinə, həm də “Otokar”ın qlobal bazarlardakı genişlənmə hədəflərinə xidmət edən strateji addımdır. Onun sözlərinə görə, “Otokar” bu satınalma ilə Aİ daxilində istehsal aparan müdafiə sənayesi şirkəti olmağı hədəfləyir.

Özüner vurğulayıb ki, Rumıniya hökuməti quru sistemlərində yerli istehsal qabiliyyətinin artırılması və ölkənin Avropa müdafiə təchizatçıları arasında yer alması istiqamətində mühüm addımlar atır: “Əsas müştərimiz Rumıniya Ordusu olsa da, “Otokar” bu investisiya ilə Avropa çərçivəsində müdafiə yönümlü proqramlarda güclü təchizatçı namizədlərdən birinə çevriləcək. Bu strateji addımla Avropadakı hərbi tədarük proseslərində daha fəal rol almaq istəyirik. Rumıniyanın, “Otokar”ın Avropadakı fəaliyyətləri üçün strateji mərkəzə çevrilməsini hədəfləyirik”.

Baş direktor Rumıniyaya 1059 ədəd COBRA II zirehli nəqliyyat vasitəsinin təhvil verilməsi ilə yanaşı, ölkədə NATO standartlarına uyğun müasir istehsal infrastrukturu yaradılması üzrə güclü öhdəlik götürdüklərini qeyd edib.

“Bu öhdəliyimizin konkret göstəricisi kimi Rumıniyada investisiya qərarı qəbul etdik. Bu investisiya çərçivəsində Rumıniyanın Mediaş şəhərində hazırda fəaliyyət göstərən istehsal müəssisəsini strukturumuza daxil etməyi hədəfləyirik. Eyni zamanda, texnikaların təhvilini və istehsala hazırlıq işlərini paralel şəkildə davam etdiririk.

Bu investisiya qərarımız həm sənaye sektorunda, həm də Rumıniya ictimaiyyətində böyük məmnunluqla qarşılandı. Rumıniyaya NATO standartlarında istehsal müəssisəsi qazandırmaq və Avropada istehsal bazasına sahib olmaq niyyəti “Otokar” şirkətinin quru sistemləri sahəsindəki iddiasını bir daha gücləndirdi. Bu inkişafların Birləşmiş Ərəb Əmirlikləri və Estoniya başda olmaqla müxtəlif regionlarda həyata keçirdiyimiz layihələrdə qazandığımız uğurları daha da möhkəmləndirəcəyinə inanırıq. Qlobal bazarlarda genişlənmə strategiyamız çərçivəsində müxtəlif coğrafiyalarda layihələri izləməyə və böyüməyə davam edirik”, – deyə baş direktor bildirib.

Aykut Özüner əlavə edib ki, müqavilə təqvimində nəzərdə tutulan aralıq mərhələlərin vaxtında yerinə yetirilməməsi iddiası ilə bağlı irəli sürülən ödəniş tələbləri əvvəlcədən mümkün risk kimi qiymətləndirilib və bu barədə ictimaiyyət məlumatlandırılıb.

Onun sözlərinə görə, söhbət Rumıniyada istehsala hazırlığın əvvəlki mərhələlərinə aid tələblərdən gedir: “Hazırkı vəziyyətə görə, istehsala hazırlıq istiqamətində hər hansı gecikmə və ya öhdəliyimiz qalmayıb. Böyük beynəlxalq müdafiə layihələrində bu kimi proseslər baş verə bilir. Hüquqi hüquqlarımızı qorumaqla yanaşı, müştərimizlə konstruktiv dialoqu davam etdiririk. Rumıniyada investisiya qərarımız layihəyə olan inamımızın ən böyük göstəricisidir.

Lazımi infrastruktur və istehsal imkanlarına malik olan “Automecanica SA” Rumıniya Milli Müdafiə Nazirliyi tərəfindən verilmiş milli operator statusuna, eləcə də müdafiə sənayesi məhsullarının istehsalı və ixracı üçün tələb olunan bütün rəsmi icazə və lisenziyalara sahibdir”.

A.Özüner sonda bildirib ki, Rumıniyada istehsal investisiyalarının əsas mərhələsi tamamlanıb, ikinci rübdə sınaq istehsalına başlanacaq və daha sonra seriyalı istehsala keçiləcək. Layihə çərçivəsində indiyədək 240 ədəd COBRA II nəqliyyat vasitəsi təhvil verilib, ilkin mərhələ üzrə 276 maşının çatdırılması isə bu ay yekunlaşacaq. Növbəti çatdırılmalar Rumıniyada həyata keçiriləcək yerli istehsal vasitəsilə davam etdiriləcək.

Chosen
17
poliqon.az

1Sources