EN

Rinqlərin yeni ulduzları Naxçıvanda yetişir REPORTAJ

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Naxçıvan, 16 fevral, Nail Əsgərov, AZƏRTAC

AZƏRTAC-ın "Bölgələrdə idman" layihəsi çərçivəsində növbəti reportajımız ölkəmizin idman həyatında xüsusi yerə malik Naxçıvan Muxtar Respublikasındandır. Bölgə müxbirinin hazırladığı reportajı təqdim edirik.

Kikboksinq son illərdə müasir peşəkar döyüş növləri arasında böyük populyarlıq qazanıb. Naxçıvanda da bu idman növünə böyük maraq göstərən, həm peşəkar, həm də həvəskar səviyyədə məşğul olan kifayət qədər gənc var. Gənclər yalnız professional nailiyyətlər üçün deyil, həm də sağlam həyat tərzi yaşamaq üçün məşqlərə qoşulurlar.

Hazırda 200-ə yaxın idmançının məşq etdiyi "Naxçıvan Levent Bulut" klubu Azərbaycan Kikboksinq Federasiyasının tərkibində fəaliyyət göstərir. Klubun ən gənc üzvünün 4, ən yaşlı üzvünün isə 54 yaşı var. Klubun yetirmələri ötən illər ərzində nəinki ölkə daxilində, hətta beynəlxalq arenalarda, Dünya kuboku və Avropa çempionatlarında böyük uğurlara imza atıblar.

Klubun təsisçisi və baş məşqçisi, "Naxçıvan qasırğası" ləqəbli Etibar Qəribov karyerası ərzində dəfələrlə peşəkar döyüşlərin qalibi olub və "İlin məşqçisi" nominasiyasına layiq görülüb. 16 il Türkiyənin İstanbul şəhərində yaşayan və vətənimizi orada uğurla təmsil edən E.Qəribov 15-ə yaxın peşəkar döyüşdə iştirak edib: "Məni yetişdirən müəllimim Türkiyənin tanınmış məşqçilərindən olan Levent Bulutdur. Bu gün Naxçıvanda iki klubumuz fəaliyyət göstərir. Tələbələrimizdən İnci Allahverdiyeva 2 dəfə Azərbaycan çempionu olub, Dünya kubokunda 2-ci, Avropa çempionatında 3-cü yerə çıxıb. Qənbər Nağıyev isə Azərbaycan mükafatçısı və Dünya kubokunun gümüş medalçısıdır".

Klubun ötənilki ən böyük nailiyyətlərindən biri Naxçıvanda ilk dəfə beynəlxalq səviyyəli döyüş turniri təşkil etməsi olub. Məqsəd muxtar respublikada döyüş idman növlərinə gənclərin marağını artırmaqdır. Etibar müəllim bildirir ki, hədəf beynəlxalq yarışların sayını artırmaq və Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırmaqdır. “Eyni zamanda Naxçıvanda tez-tez turnir və yarışların keçirilməsi planlaşdırılır. Məqsəd idmançıların döyüş təcrübəsini artırmaq, onların peşəkar inkişafını sürətləndirmək və regionda döyüş idman növünün inkişafına töhfə verməkdir", - deyə klubun təsisçisi əlavə edir.

Klubun idmançısı Zenfira Məmmədli üçün 2025-ci ili uğurlu adlandırmaq olar. Belə ki, o, ötən il Türkiyədə kəmər döyüşünün qalibi, Naxçıvanda beynəlxalq turnirdə birinci, Şuşa kubokunda ikinci olub. O, kikboksinq idman növünə marağı haqqında danışaraq deyib: "Kikboksla uşaqlıqdan maraqlanıram və bu idman növü mənə özünəinam hissi qazandırır. İndiyədək bir çox beynəlxalq və ölkə səviyyəli döyüşlərə qatılmışam. Ən son döyüşüm Türkiyənin Tatvan şəhərində olub. Kəmər uğrunda iranlı rəqibimə qalib gəlmişəm. Gələcəkdə məqsədim Avropa və dünya çempionatlarında inamla döyüşmək, Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırmaq və Vətənimizi layiqincə təmsil etməkdir".

Söhbət etdiyimiz digər idmançı Uğur Əliyevdir. Onun uşaqlıqdan idmana böyük həvəsi olub, valideynləri də bu sahədə inkişaf etməyinə dəstək göstəriblər. Artıq 12 ildir ki, kikboksla məşğuldur. “Beynəlxalq turnirlərdə, Azərbaycan çempionatında uğurlu nəticələrim olub. Hazırda bu ilin may ayında keçiriləcək Dünya kubokuna hazırlaşıram, məqsədim yüksək nəticələr qazanmaqdır. İnşallah, gələcəkdə Vətənimizi dünya və Avropa arenalarında layiqincə təmsil edəcəyəm", - deyə o vurğulayır.

2014-cü il aprelin 22-də Naxçıvan şəhərində dünyaya göz açan Hüseyn Behbudov klubun ən balaca idmançılarındandır. Artıq 5 ildir kikboksla məşğul olur və indiyədək müxtəlif yarışlarda uğurlu nəticələr əldə edib. İştirakçısı olduğu ən önəmli turnir Dünya kubokudur. Türkiyənin Antalya şəhərində keçirilən həmin yarışda birinci yerə layiq görülüb. "Bakıda keçirilən Şuşa kubokunda da birinci yeri qazanmışam. Bakıda təşkil edilən turnirdə kəmər sahibi olmuşam və bir neçə yoldaşlıq görüşündə qalib gəlmişəm", - deyə o, nailiyyətlərindən fəxrlə danışır.

Bu uğurların təməlində isə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısı və bu sahənin prioritet istiqamət kimi seçilməsi dayanır. Son illərdə ölkəmizin bütün bölgələrində, o cümlədən Naxçıvanda müasir idman infrastrukturunun qurulması və Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi gənclərin peşəkar idmana axınını sürətləndirib. Bu gənclərin beynəlxalq arenalarda qazandıqları parlaq qələbələr və dövlət tərəfindən idmançıların sosial rifahının yaxşılaşdırılması idmana olan marağı daha da stimullaşdırır. Təsadüfi deyil ki, Azərbaycan artıq dünyada nüfuzlu idman ölkəsi kimi tanınır və ən mötəbər turnirlərə ev sahibliyi edir. Regionlarda yetişən yeni nəsil idmançılar isə bu diqqət və qayğının bəhrəsi olaraq dövlət Bayrağımızı ən uca zirvələrə qaldırmaqda davam edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
azertag.az

1Sources