EN

Rəqəmsal gələcəyə doğru: Azərbaycanın yeni inkişaf mərhələsi - ŞƏRH

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş mühüm müşavirə keçirildi. Dövlətimizin başçısının çıxışı yalnız cari məsələlərin müzakirəsi deyil, həm də ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı. Bu müşavirə bir daha göstərdi ki, Azərbaycan qlobal transformasiya proseslərindən geri qalmamaq, əksinə rəqəmsal dünyada öz mövqeyini gücləndirmək niyyətindədir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu gün dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma istiqamətində aparılan islahatlar ölkələrin gələcəyini müəyyən edən əsas amillərdəndir. Azərbaycanın da bu proseslərdə fəal iştirak etməsi artıq seçim deyil, zərurətdir. Dövlətimizin başçısı rəqəmsal inkişafın milli prioritetlər siyahısına daxil edilməsinin vacibliyini qeyd edərək bildirdi ki, bu sahədə görüləcək işlər ölkənin uzunmüddətli və dayanıqlı inkişafına xidmət etməlidir. Azərbaycanın bu istiqamətdə mühüm üstünlüklərə malik olduğu xüsusi qeyd edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, onilliklər ərzində neft-qaz sektorunda əldə edilmiş təcrübə, transmilli şirkətlərlə qurulan etibarlı tərəfdaşlıqlar və geniş beynəlxalq əlaqələr yeni texnoloji layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Vaxtilə enerji və nəqliyyat dəhlizlərinin yaradılmasına nail olan ölkə indi bu infrastrukturu fiber-optik şəbəkələrlə tamamlayaraq rəqəmsal körpüyə çevirməyi hədəfləyir. Coğrafi mövqe də Azərbaycanın əsas strateji üstünlüklərindən biridir. Asiya ilə Avropanı birləşdirən, Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşən ölkə artıq bu imkanları iqtisadi inkişafın mühərrikinə çevirə bilib. Yeni mərhələdə isə həmin üstünlüklərin rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət etməsi əsas məqsəd kimi qarşıya qoyulur.

“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayənin qoyulması ölkədə formalaşmış müsbət investisiya iqliminin göstəricisidir. Xarici və yerli investisiyaların etibarlı şəkildə qorunması, imzalanmış enerji müqavilələrinin illər boyu dəyişməz icra edilməsi beynəlxalq biznes dairələrində ölkəyə olan etimadı daha da artırıb. Məhz bu etimadın rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərlə əməkdaşlıqda da mühüm rol oynayacağı gözlənilir. Enerji potensialı isə rəqəmsal transformasiyanın əsas dayaqlarından biri kimi qiymətləndirilir. Bu gün Azərbaycanın generasiya gücü 10 min meqavata çatıb və ən azı 2 min meqavat istifadə edilməmiş ehtiyat mövcuddur. Data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının geniş tətbiqi üçün tələb olunan böyük enerji resursları baxımından bu amil ölkəyə ciddi üstünlük qazandırır. Üstəlik, bərpaolunan enerji layihələrinin reallaşdırılması yaxın illərdə bu gücü daha da artıracaq. Fiber-optik bağlantıların genişləndirilməsi də prioritet istiqamətlərdəndir. Xəzər dənizinin şərq sahilləri ilə Azərbaycanı birləşdirəcək kabel layihəsinin icrası ölkənin Şərqə doğru rəqəmsal əlaqələrini gücləndirəcək, Qərb istiqamətində isə yeni marşrutların formalaşdırılması nəzərdə tutulur. Beləliklə, Azərbaycan təkcə enerji deyil, həm də məlumat axınının tranzit mərkəzinə çevrilmək iddiasını ortaya qoyur.

Dövlətimizin başçısı dünyanın aparıcı texnologiya şirkətləri və iri maliyyə fondları ilə artıq qurulmuş əlaqələrin bu prosesə əlavə impuls verəcəyini diqqətə çatdırdı. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Avropa İttifaqına üzv bir sıra ölkələrlə mövcud əməkdaşlıq sənədləri və Çinlə hərtərəfli strateji tərəfdaşlıq Azərbaycanın qlobal güc mərkəzləri ilə balanslı münasibətlər qurduğunu göstərir. Bu isə rəqəmsal iqtisadiyyatın inkişafı üçün nadir geosiyasi üstünlük kimi qiymətləndirilir”, - deyə K.Qənbərov vurğulayıb.

Ekspert müşavirədə institusional islahatların zəruriliyinin də ön plana çəkildiyini diqqətə çatdırıb: “Dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, pərakəndəliyin aradan qaldırılması və vahid fəaliyyət planının hazırlanması əsas tapşırıqlar kimi müəyyənləşdirildi. Eyni zamanda, dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsi ideyası xüsusi diqqət çəkir. “Mygov” sistemi vasitəsilə bütün xidmətlərin bir mərkəzdə cəmləşdirilməsi həm idarəetmədə səmərəliliyi artıracaq, həm də vətəndaşlar üçün daha rahat və şəffaf xidmət modelinin formalaşmasına imkan verəcək. Bu yanaşma rəqəmsal dövlət konsepsiyasına keçidin mühüm mərhələsi kimi qiymətləndirilə bilər.

Kadr hazırlığı məsələsi isə uzunmüddətli strategiyanın ayrılmaz hissəsi kimi təqdim olundu. Ali məktəblərdə müasir ixtisasların genişləndirilməsi, tələbələrin xaricdə təhsil imkanlarının artırılması və hətta orta məktəb proqramlarında texnoloji biliklərin gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edəcək”.

Süni intellektin dövlət idarəçiliyində tətbiqi yolları

Kəramət Qənbərov əlavə edib ki, süni intellektin dövlət idarəçiliyində tətbiqi perspektivləri də diqqət mərkəzindədir. Qərarların daha dəqiq və operativ qəbuluna kömək edəcək bu texnologiyaların dövlət məmurlarının gündəlik fəaliyyətinə inteqrasiyası idarəetmədə yeni keyfiyyət mərhələsinin başlanğıcı ola bilər. Rəqəmsal inkişaf yalnız dövlət sektorunu deyil, özəl iqtisadiyyatı da əhatə etməlidir. Bu məqsədlə biznes subyektləri üçün təşviq mexanizmlərinin hazırlanması, innovativ təşəbbüslərin dəstəklənməsi və texnoloji sahibkarlığın genişləndirilməsi planlaşdırılır. Çünki rəqəmsal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri məhz çevik və innovativ özəl sektordur. Kibertəhlükəsizlik məsələsi isə strateji təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Ötən il baş vermiş aqressiv kiberhücumlar bu sahədə daha güclü müdafiə mexanizmlərinin yaradılmasının vacibliyini bir daha nümayiş etdirdi. Mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin gücləndirilməsi və əsas hədəflərin yenidən müəyyənləşdirilməsi bu istiqamətdə atılacaq addımlar sırasındadır.

Bütün bu məqamlar göstərir ki, Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji resursları ilə tanınan ölkə indi rəqəmsal texnologiyalar sahəsində də regional liderə çevrilmək niyyətini açıq şəkildə ortaya qoyur. Qarşıda duran əsas vəzifə isə mövcud üstünlükləri vaxtında və düzgün dəyərləndirərək onları real nəticələrə çevirməkdir. Fevralın 11-də keçirilən müşavirə təkcə idarəetmə qərarlarının müzakirə olunduğu toplantı deyil, həm də Azərbaycanın gələcəyinə yönəlmiş strateji yol xəritəsinin konturlarını cızan mühüm siyasi mesaj kimi yadda qaldı. Aydın görünür ki, rəqəmsallaşma artıq texnoloji seçim deyil - bu, dövlətin inkişaf fəlsəfəsinə çevrilir. Azərbaycan isə bu fəlsəfəni reallaşdırmaq üçün həm resurslara, həm siyasi iradəyə, həm də beynəlxalq tərəfdaşlıqlara malikdir.

Chosen
135
azertag.az

1Sources