EN

“Evlənmək mövzusunu ildə 4-5 dəfə gündəmə gətirirlər, anamla efirə çıxmaq məni kompleksə salırdı” - FOTO+ÖZƏL

“Sənət fəaliyyətimə qaldığı yerdən sürətlə davam edirəm. Uzun bir fasilə vermişdim, istəyirəm o fasiləni bu fəaliyyətimlə ört-basdır edim. Bu işdə dayanmaq heç də yaxşı deyil. Musiqidə dayandınsa geri qalırsan. Fasiləni də əslində ona görə vermişdim ki, yenidən sürətlə başlamağım üçün bir zəmin yaransın. Bəzi məsələlər var ki, onları həll etməli idim. Yeni layihələrim hazırdır, sadəcə qalıb onları tamaşaçılara təqdim etməyim və sosial şəbəkələrdə paylaşmağım”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Ramazan Şərifzadə deyib.
O daha sonra anası, xalq artisti Gülyaz Məmmədova ilə efirlərə birlikdə dəvət almasından danışıb:
 
“Sənətə yeni-yeni başlayanda anamla birlikdə efirlərə çox dəvət edirdilər. Bu da məni sözün düzü kompleksə salırdı. Bu ayıb bir şey deyildi əslində. Əksinə, xalq artistinin oğlu olduğum üçün qürur duyuram. Bir müddətdən sonra insan istəyir öz ayaqları üstündə dursun və özünə görə tanınsın. Sadəcə olaraq tamaşaçılar bir az bunu səhv başa düşdü. Əslində bir az bu mənə təsir etmişdi. Mənim öz sənətim və fəaliyyətim var. İllərdir bunun əziyyətini çəkirəm, ifa edirəm. Xalq artistinin oğlu olmaq onsuz da mənim üçün fəxrdir. Həm məsuliyyətdir, həm də fəxrdir. Xalamın və anamın Azərbaycanı təmsil etməkləri, səfərləri, musiqimizi dünyada tanıtmaqları ailəmiz üçün fəxrdir. Onlar bu sənətə necə gəliblərsə, musiqimizə necə xidmət ediblərsə mən də elə olmalıyam, diqqət etməliyəm. Məni öncə xalq artisti Gülyaz Məmmədovanın oğlu kimi, sonra özümə görə tanıyırlar. İndi ona çalışıram ki, məni Ramazan Şərifzadə kimi tanısınlar”.
 
Ramazan bildirib ki, bir neçə serial və ekran işindən aktyor kimi dəvət alsa da sonradan o layihələr reallaşmayıb:
“Getmişəm, kastinqdən uğurla keçmişəm. Obraz olaraq bəyəniblər, etüd göstərmişəm onu da bəyəniblər. Sadəcə olaraq layihələr reallaşmayıb. Amma istərdim belə bir film və serialda aktyor kimi çıxış edim. Bu barədə özümə inanıram. Mədəniyyət və İncəsənət universitetini bitirmişəm, orada bizə aktyorluq dərsləri, səhnə danışığı da, səhnə davranışı dərsləri də keçiblər. Bundan başqa Bakı Musiqi kollecini tar üzrə bitirmişəm. Gitarada ifa etməyi də bacarıram. Uşaqlıqda muğam da ifa etmişəm. Çox dəyərli sənətkarlarımızdan dəstək görmüşəm. Xalq artisti, mərhum sənətkarlar Canəli Əkbərov, Yalçın Rzazadə gəlib imtahanlarda məni dinləyirdilər. Çünki bilirdilər ki, kimin övladıyam. Şükür ki, onlardan gözəl rəylər almışam”.
 
Ramazan Şərifzadə bildirib ki, anası xalq artisti Gülyaz Məmmədova ilə birlikdə qatıldığı verilişlərdə bir mövzu hər zaman aktual olur:
“Hansı verilişə çıxıramsa ancaq evlənməməyimdən danışırlar. Bu anamdan çox həm də aparıcıların arzusudur (gülür). Bu artıq arzudan da çıxıb. İldə 4-5 dəfə bu mövzu gündəmə gəlir, yazılır. Özüm də çox istəyirəm ki, evlənim, bu söz-söhbətlərə birdəfəlik son qoyum (gülür). Sadəcə bu bir qismətdir. Bu məsuliyyətdir. Bugünki gündə çox çətindir. Hər şey məntiqlə və ağılla olmalıdır. Etiraf edim ki, anam da çox qız seçib, tövsiyyə edib. Amma o da bilir ki, mən fərqli bir psixologiyadayam. Öz ürəyimcə olmayana qədər heç vaxt evlənmərəm. Ortada dəyər, hörmət olmalıdır. Ailə çox böyük dəyərdir”.
 
Müğənni bildirib ki, tamaşaçını sənət ən sonda maraqlandırır:
“Bizim xalqımız, tamaşaçılarımız kifayət qədər biliyə sahibdirlər. Sadəcə olaraq bəzi insanlarda başqa mövzulara maraq var. Məsələn, mən mahnı da ifa edirəm, evlənmək haqda müsahibə də verirəm. Bunların baxış sayına baxanda görürsən ki, evlənmək haqda olan müsahibəm daha çox izlənilib. Bu danılmaz faktdır. Mən yenə də müğənnilik fəaliyyətimə davam edirəm. Bu gün bilirəm ki, müğənnilərin evlərindəki çəkilişlər tamaşaçıya maraqlıdır. Bu televiziya dilində desək bir reytinqdir. Amma mən o reytinqi istəmirəm. Dəfələrlə evimizdə çəkiliş etmək istəyiblər, amma nə mən, nə də anam icazə verib. Hətta buna görə bizdən inciyən aparıcılar da olub. Biz niyə evimizi göstərməliyik ki? Bizim də bir özəlimiz olmalıdır da. Mənim üçün əsas sənət və musiqidir. Biz elə etməliyik ki, tamaşaçılara da bu maraqlı olsun”, - deyə müğənni Ramazan Şərifzadə bildirib.
Chosen
41
moderator.az

1Sources