EN

Mehdiyev-Əli Kərimli planında ən kritik an – Həmin gecə nələr yaşanıb?

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı açıqlama və təqdim etdiyi materiallar ətrafında müzakirələr davam edir. Açıqlamada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilə AXCP sədri Əli Kərimli arasında əlaqələr və onların adının hallandığı şəbəkənin fəaliyyəti ilə bağlı faktlar yer alıb. Xüsusilə, hakimiyyətin zorla ələ keçirilməsi planları, xarici xüsusi xidmət orqanları ilə təmaslar müzakirə predmetinə çevrilib.

Maraqlıdır, R.Mehdiyevlə Əli Kərimli arasında bu münasibət hansı maraqlar üzərində qurula və Azərbaycan siyasətində nə kimi nəticələrə gətirib çıxara bilərdi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, DTX-nin yaydığı geniş açıqlama və videogörüntülər Ramiz Mehdiyev, Əli Kərimli və Abbas Abbasovun adının hallandığı şəbəkənin Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək, dövlət quruluşunu devirmək və dövlətə xəyanət xarakterli addımlar atmaq niyyətində olduqlarına dair fakt və sübutların mövcud olduğunu ortaya qoyur:

“Materiallardan belə məlum olur ki, adıçəkilən şəxslər üçüncü bir dövlətin xüsusi xidmət orqanları ilə birbaşa əlaqəyə girərək ölkədə hakimiyyət çevrilişinə nail olmağı, bu prosesdə xarici dəstək əldə etməyi və hətta müəyyən öhdəliklər müqabilində Azərbaycanın həmin dövlətin əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü təmin etməyi planlaşdırıblar. Açıqlamalarda yer alan məlumatlara əsasən, əsas məqsəd istənilən formada hakimiyyətin devrilməsi olub. Bu məqsədlə üçüncü dövlətin dəstəyi qəbul edilir, onun şərtlərinə razılıq verilirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi səs yazıları və digər materiallar bu iddiaların təkzibedilməz faktlarla əsaslandırıldığını göstərir. Bildirilir ki, Ramiz Mehdiyevin telefon danışığı, eləcə də Əli Kərimlinin əlində alətə çevrilmiş Qənimət Zahidlə bağlı məqamlar və sair istintaq materiallarında yer alıb”.

Deputat onu da bildirib ki, Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının xarici xüsusi xidmət orqanlarından vəsait alması faktı da sənədlərlə təsdiqini tapıb:

“Materiallarda diqqətçəkən digər məqam bu cinayətkar şəbəkənin 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə törətdiyi hadisələrlə bağlıdır. Ermənistanın təcavüzkar hərəkətlərinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə Bakıda keçirilən yürüşə müxtəlif qruplar halında qoşularaq aksiyanın mahiyyətini dəyişmək, vətənpərvərlik ruhlu şüarları hakimiyyətə qarşı çağırışlarla əvəz etmək, Milli Məclisin və Dövlət Televiziyasının binalarını ələ keçirmək kimi planlar qurublar”.

E.Nəsirovun fikrincə, ortada olan faktlar hakimiyyətin zorla ələ keçirilməsi və dövlətə xəyanət ittihamlarının əsaslı olduğunu göstərir:

“Baş verənlər fonunda Azərbaycan cəmiyyəti təqdim olunan materiallar əsasında sözügedən şəxslərin dövlətə və xalqa qarşı atdıqları addımlar barədə daha dolğun təsəvvür əldə etmiş olur. Xalq anlayır ki, Ramiz Mehdiyev və şəbəkəsi Azərbaycan dövlətinə qarşı hansı cinayətkar əməllərə imza atıb. Bu, ictimai və hüquqi müstəvidə ciddi müzakirə predmetidir və prosesin hüquqi qiymətini məhkəmə orqanları verəcək. Onlar ən sərt cəza almalıdırlar”.

Chosen
12
1
konkret.az

2Sources