Lionel Messi gələcəyi ilə bağlı mühüm qərar qəbul edib. Bu haqda “Marca” qəzeti xəbər yayıb.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin ulduzu gələcəkdə mütləq sabiq klubu “Barselona”ya qayıtmağı planlaşdırır.
Məlumata görə, argentinalı futbolçu bu barədə qəti qərarını verib. Lakin onun doğma klubuna hansı statusda, yəni futbolçu, yoxsa funksioner kimi dönəcəyi hələlik qeyri-müəyyəndi.
Xatırladaq ki, “Qızıl top”a 8 dəfə layiq görülən dünya çempionu 2021-ci ildə “Barselona”nı maliyyə problemləri səbəbindən göz yaşı içində tərk etmişdi. Onu da qeyd edək ki, Messi ötən ilin payızında “İnter Mayami” ilə müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzadıb.
Yeri gəlmişkən, Lionel sıradan çıxıb. Onun zədələnməsi klubunun planının pozulmasına səbəb olub. “İnter Mayami”nin lideri ötən həftə Ekvadorun “Barselona” klubu ilə keçirilən yoldaşlıq görüşündə zədələnib. Həmin matçda qol vuran futbolçu ikinci hissədə əvəzlənib. Tibbi müayinələr Lioneldə əzələ gərilməsi olduğunu təsdiqləyib. O, sol ayaq əzələsində yaranan problem səbəbindən komandasının çərşənbə günü keçirilən məşqində iştirak etməyib.
Messinin zədələnməsi komandanın planlarını pozub. “İnter Mayami”nin cümə günü Puerto Rikoda Ekvadorun digər təmsilçisi “İndependyente del Valye” ilə keçirməli olduğu yoldaşlıq oyunu fevralın 26-na təxirə salınıb. Klub rəsmilərinin dediyinə görə, ulduz futbolçunun məşqlərə nə vaxt qayıdacağı müalicənin gedişindən asılı olacaq.
Xatırladaq ki, MLS-in son çempionu olan “İnter Mayami” yeni mövsümə fevralın 21-də start verəcək.