Avrokuboklarda mübarizəni davam etdirməsinə baxmayaraq çətin dönəmdən keçən və son olaraq superliqada ''Antalyaspor'' önündə 1:3 məğlub olan ''Samsunspor''da radikal addım atılıb. Belə ki, baş məşqçi Tomas Rays istefaya göndərilib! Bunu gözləmək olardı. Samsun klubunun son 10 superliqa matçında cəmi 1 qələbəsi var. Amma ümumilikdə 52 yaşlı Raysın fəaliyyətini uğurlu adlandırmaq olar. Daha öncə ''Bohum'' və ''Şalke-04''də işləmiş Rays ''Samsunspor''un başına ötən mövsümün gedişində keçmişdi. Dərhal nəticə verməyə başlayan almaniyalı mütəxəssis ilk mövsümdə komandaya bürünc medalları qazandırdı və ''Samsunspor'' 27 ildən sonra avrokuboklara vəsiqə əldə etdi. Bu mövsüm isə komanda Konfrans Liqasında əsas mərhələni 12-ci pillədə bitirərək pley-offa vəsiqə qazandı. Ümumilikdə ''Samsunspor'' Raysın başçılığı altında keçirdiyi 72 rəsmi oyundan 33 qələbə, 18 heç-heçə, 21 məğlubiyyətlə ayrılmış oldu. Bu arada yeni baş məşqçinin adı artıq bəllidi. ''Samsunspor'' almaniyalı çalışdırıcılara maraq göstərməkdə davam edir. Klubdan verilən açıqlamada Torsten Fink ilə prinsipial razılıq əldə olunduğu və onun bazar günü Samsuna gələcəyi qeyd olunub. Məşqçi kimi 10-dan çox klubda işləmiş, ''Bazel'' ilə İsveçrə çempionluğunu qazanmış 58 yaşlı Fink son olaraq Belçika təmsilçisi ''Genk''də çalışmış və 2025-in dekabrında istefaya göndərilmişdi. Fink samsunlularda çalışan ardıcıl 3-cü almaniyalı məşqçi olacaq. Yenicə istefaya göndərilən Raysdan öncə klubda daha bir almaniyalı - Markos Qizdol işləmişdi.