Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistanda keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub.
Modern.az xəbər verir ki, Ermənistana səfər edən Azərbaycan nümayəndə heyətinin üzvü Fərhad Məmmədov səfərlə bağlı təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, bu dəfə təşəbbüsün hər iki tərəfdən beş əsas üzvü ilə yanaşı iştirakçıların sayı artırılıb və ümumilikdə 39 nəfər görüşə qatılıb. Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədini keçərək Ermənistana daxil olub. Sərhəd keçidi sərhəd və gömrük nəzarəti prosedurlarına uyğun həyata keçirilib, həmçinin mövcud COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb.
Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və mehmanxanaya yerləşmə, 4 diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.
Görüşlərin işçi dilləri ingilis və rus dilləri olub. Ermənistan mediası üçün keçirilən mətbuat konfransında erməni nümayəndələr erməni dilində, Azərbaycan nümayəndələri isə tərcümə olmadığı üçün rus dilində çıxış ediblər.
Müzakirələr zamanı proqramda nəzərdə tutulan məsələlərlə yanaşı, hər iki cəmiyyəti narahat edən mövzular, sülh gündəliyinə yanaşmalar, mövcud maneələr və problemlər, eləcə də gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Fərhad Məmmədov bildirib ki, görüşdə həm dialoq platformalarında təcrübəli ekspertlər, həm də ilk dəfə iştirak edən şəxslər yer alıb. Açıq və səmimi müzakirələr zamanı əldə olunan nəticələr, qarşılıqlı gözləntilər, fikir ayrılıqları və problemlər müzakirə olunub.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri təhlükəsizliyin təmin olunması, müstəqillik və suverenliyin gücləndirilməsi, eləcə də sülh gündəliyindən fayda əldə edilməsi istiqamətində üst-üstə düşür.
Fərhad Məmmədov qeyd edib ki, sülh gündəliyi çərçivəsində artıq bir sıra nailiyyətlər var, eyni zamanda gözləntilər artır, qeyri-müəyyənliklər və həllini gözləyən çoxsaylı problemlər qalmaqdadır. “Sülh Körpüsü” təşəbbüsü ikitərəfli dialoqun formalaşdırılması cəhdidir və müəyyən mərhələdə bu proses institusional çərçivə də ala bilər.
Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: bir tərəfdən öz cəmiyyəti ilə kommunikasiya, digər tərəfdən isə birgə fəaliyyət. “Bəzi məsələlər alınır, bəziləri isə yox və bu normaldır”, – deyə o vurğulayıb.
Fərhad Məmmədov əlavə edib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri mühüm mərhələ olacaq. Seçkilərdən sonra sülh gündəliyinin genişlənməsi və dərinləşməsi, yaxud əldə olunan nəticələrdən geriyə dönüş barədə daha aydın danışmaq mümkün olacaq.
O bildirib ki, yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı fəaliyyət fonunda vətəndaş cəmiyyətləri səviyyəsində də ikitərəfli dialoq formatı formalaşmaqdadır.
“Sülh mümkündür. Hazırda gələcək sülhün parametrləri formalaşır. Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqlar çərçivəsində ardıcıl addımlar atacaq. Cəmiyyətdə sülh gündəliyi ilə uzunmüddətli iş aparmaq, səbir və məsuliyyət nümayiş etdirmək lazımdır”, – deyə o qeyd edib.
Fərhad Məmmədov səfərin təşkili və təhlükəsizliyin təmin olunmasında iştirak edən qurumlara və təşəbbüs iştirakçılarına təşəkkürünü də ifadə edib.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.