BAKI, 15 fevral. TELEQRAF
Rusiya ordusu Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərinin mülki dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın bərpa üzrə baş nazirinin müavini - icmaların və ərazilərin inkişafı naziri Oleksi Kuleba"Telegram" kanalında məlumat yayıb.
Nazirin sözlərinə görə, hücum nəticəsində Odessada depo ərazisindəki binalar zədələnib. Vaqon-sisternin alovlanması nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər yanğını söndürüblər. Dəmiryolçular hava həyəcanı zamanı sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.
O.Kuleba vurğulayıb ki, Rusiya hərbi obyektləri deyil, mülki logistikanı hədəf seçib:
"Rusiya sistemli şəkildə logistikamızı vurur. Bunlar hərbi hədəflər deyil, regionun iqtisadiyyatını iflic etmək cəhdidir".
Hazırda dəmiryolçular, xilasedicilər və energetiklər hücumun nəticələrini aradan qaldırırlar.