EN

Rusiya XİN Azərbaycanın Kiyevdəki səfirliyinin vurulmasına "aydınlıq" gətirdi

BAKI, 14 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Kiyevdəki səfirliyinə qəsdən hücumlar etdiyiiddialarına reaksiya verib.

Teleqraf "TASS"a istinadən xəbər verir ki, Rusiya XİN Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə hücumun"Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi nəticəsində" yarandığını iddia edib.

"Mülki əhaliyə zərər vurulmasının qarşısını almaq üçün döyüş məlumatlarının diqqətlə monitorinqi aparılır və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yerlər nəzərə alınır" - Rusiya XİN vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edildiyini diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında keçirilən çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb.

“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda üç dəfə Azərbaycanın Ukraynadakı səfirliyinə hücum edilib. Birinci hücumdan sonra bunun təsadüfən baş verdiyini düşünə bilərdik. Biz rusiyalı tərəfdaşlarımıza Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq şöbəsinin, mədəniyyət mərkəzlərimizin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Bu isə Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum deməkdir. Biz xüsusi bəyanatlar yaydıq, səfir dəvət olundu və diplomatik nota təqdim edildi. Biz yalnız diplomatik yollarla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin bu, təbii ki, Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən bir haldır. Bildirmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, - deyə Prezident vurğulayıb.

Chosen
16
4
teleqraf.com

8Sources