EN

ABŞ dən DÜNYAYA MÜHÜM MESAJLAR Rubio Münhendə “yeni dünyanı” necə görmək istədiklərini açıqladı

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton Rusiyanın Ukrayna ilə müharibəni bitirmək niyyətinin nə dərəcədə ciddi olduğunu tam dəqiqliklə bilmir.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, o, bu barədə fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı danışıb.

Rubionun sözlərinə görə, Rusiya nümayəndələri ABŞ-ni sülhə hazır olduqlarına inandırmağa çalışırlar. “Biz bunu yoxlamağa davam edəcəyik”, – deyə dövlət katibi vurğulayıb.

Rubio qeyd edib ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlaması üçün ABŞ-nin müdaxiləsi zəruri olub. O, BMT-nin bu prosesdə effektiv rol oynaya bilmədiyini bildirib və Qəzza məsələsində də oxşar vəziyyətin yaşandığını xatırladıb.

Dövlət katibi deyib ki, Prezident Donald Trump administrasiyası sülhə nail olmaq üçün səylərini davam etdirəcək. Onun sözlərinə görə, danışıqlar prosesində mübahisəli məsələlərin siyahısını daraltmaq mümkün olub, lakin ən çətin problemlər hələ də həllini tapmayıb.

Çıxışının böyük hissəsini ABŞ-Avropa münasibətlərinə həsr edən Rubio bildirib ki, Vaşinqtonun Avropa İttifaqına yönəlik tənqidi gələcəklə bağlı narahatlıqdan qaynaqlanır.

O qeyd edib ki, ABŞ müttəfiqlərini tərk etmək deyil, “köhnə dostluğu canlandırmaq” istəyir. Lakin bunun üçün Avropa güclü olmalıdır. Rubionun fikrincə, qitəni zəiflədən amillərdən biri kütləvi miqrasiyadır. O, sərhədlərin qorunmasının Qərbin rifahı üçün əsas şərt olduğunu bildirib və bunu “ksenofobiya yox, milli suverenliyin fundamental aktı” adlandırıb.

Rubio 1989-cu ildə Berlin divarının süqutundan sonra formalaşan “sərhədsiz dünya” ideyasını “səhv yanaşma” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu model insan təbiətini və tarixi reallıqları nəzərə almayıb və Qərbə baha başa gəlib.

Dövlət katibi bildirib ki, Tramp administrasiyası Qərbin yenilənməsi və bərpası missiyasını üzərinə götürməyə hazırdır: “Lazım gələrsə, bunu təkbaşına da edə bilərik, amma birlikdə etməyə üstünlük veririk”.

Rubio vurğulayıb ki, ABŞ və Avropanın taleyi hər zaman bağlı olacaq və Amerika Avropa ilə ortaq irsi ilə fəxr edir. O, çıxışında Şekspir, Dante, Motsart, Bethoven, Mikelancelo və Leonardo da Vinçi kimi adları, həmçinin The Beatles və Rolling Stones-u xatırladaraq, Qərb sivilizasiyasının ortaq mədəni köklərinə diqqət çəkib.

Rubio eyni zamanda bildirib ki, hazırda Qərb öz suverenliyini “autsorsinq” edir, digər ölkələr isə iqtisadiyyatlarına sərmayə yatırırlar. O, iqlim siyasətinə yönəlmiş bəzi investisiyaları da tənqid edib.

ABŞ dövlət katibi mövcud beynəlxalq əməkdaşlıq sistemindən tam imtinanın zəruri olmadığını, lakin onun yenilənməyə ehtiyacı olduğunu deyib. Onun fikrincə, BMT hələ də dünyada xeyirli rol oynaya bilər, amma müasir çağırışlara cavab verməkdə aciz qalıb.

Şərhçilər Rubionun çıxış tonunun ötən il Münhendə çıxış edən ABŞ vitse-prezidenti J. D. Vance ilə müqayisədə daha yumşaq olduğunu qeyd ediblər. Vens bir il əvvəl Avropa İttifaqı və Böyük Britaniyanı sərt tənqid etmiş, söz azadlığı və seçki prosesləri ilə bağlı iradlar səsləndirmişdi.

Rubiodan sonra çıxış edən Avropa Komissiyasının sədri Ursula von der Leyen müdafiə sahəsində Aİ ölkələri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, bildirib ki, hərbi ittifaq ideyası Aİ-nin təməl sənədlərində əksini tapıb və Avropa ölkələri təcavüz halında bir-birini müdafiə etməlidir.

Britaniyanın Baş naziri Keir Starmer isə çıxışında Avropa üçün əsas təhlükənin Rusiya olduğunu qeyd edib və müdafiə siyasətində bunun nəzərə alınmasının vacibliyini vurğulayıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
azpolitika.info

1Sources