BAKI, 14 fevral. TELEQRAF
Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Artıq dörd uzun ildir ki, Rusiya çoxlu sayda ballistik raketdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər kritik infrastruktura yönəlib. Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb", - o deyib.
Bununla yanaşı, Zelenski qeyd edib ki, Ukrayna elektrik enerjisi istehsalına davam edir.
"Biz hələ də elektrik enerjisi istehsal edirik – bu, insanlarımız sayəsindədir. Obyektlərin müdafiəsinə və hava hücumundan müdafiə işinə kömək edən hər kəs sayəsində sistemin işləkliyini qoruyub saxlaya bildik. Ukraynada hələ də işıq var – bu, insanlarımız, milyonlara xidmət edən minlərlə işçi sayəsindədir", - o bildirib.
"Mən enerji mütəxəsislərimizi, təmir briqadalarımızı, xilasetmə qruplarımızı görəndə siyasətdə tez-tez çatışmayan bir şeyi – işə sadiqliyi, 100% işləmək bacarığını, real fövqəladə vəziyyətdə bir ay, bir il və ya iki il sonra deyil, dərhal hərəkətə keçmək qabiliyyətini görürəm", - Zelenski əlavə edib.
O, həmçinin ABŞ-yə, Avropaya və Ukraynanı dəstəkləyən hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, onlarsız ölkənin tab gətirməsi son dərəcə çətin olardı.
Ukrayna Prezidenti vurğulayıb ki, müharibə nə qədər uzun davam edərsə, o qədər çox resurslar təcavüzkara çatır və nəticələr, o cümlədən silahların və müharibənin özünün təkamülü bir o qədər təhlükəli olur.