İki dünya müharibəsi göstərdi ki, ABŞ və Avropanın taleləri yekun olaraq bir-biri ilə iç-içədir və hər zaman belə olacaq.
Leqal.info xəbər verir ki, bunu ABŞ-ın Dövlət Katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
“Biz bilirik ki, Avropanın taleyi həmişə bizim taleyimizlə əlaqəli olacaq. Biz böyük bir sivilizasiyanı müdafiə edirik. Elə bir sivilizasiya ki, özü ilə fəxr etməyə hər növ səbəbi var. Bu sivilizasiya buradan-Avropadan başlayıb. Avropa dünyaya elmi inqilablar və qanunlara əsaslanan bir sistem verib. Dahi Motsart və Bethoveni, Şekspiri, Da Vinçini və başqalarını dünyaya bəxş edən bu qitə olub. Biz bu sivilizasiyanı birlikdə müdafiə edirik”,-Rubio qeyd edib.
O, ölkəsinin Avropa ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu və bu əməkdaşlığın yeni formatlar almalı olduğunu vurğulayıb.
“Biz ayrılmaq yox, köhnə dostluğumuzu yenidən canlandırmaq və bəşəriyyət tarixinin ən böyük sivilizasiyasını yeniləmək istəyirik”,- ABŞ-ın Dövlət katibi əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Münxen Təhlükəsizlik Konfransında çıxış edən avropalı siyasətçilər ABŞ-ın bu qitəyə marağının azalması və Vaşinqtonla müttəfiqliyin zəifləməsi haqqında iddialar barədə danışarkən, bu qitənin ABŞ-la əməkdaşlığının həyati əhəmiyyət daşıdığını, lakin qitənin hərbi baxımdan Vaşinqtondan asılılığını azaltmalı olduğunu bildiriblər.
Leqal.info