EN

YAP Xətai rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib

Bakı, 14 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təsis olunmasının 33 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad olunaraq abidəsi önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra YAP-ın keçdiyi tarixi yol və fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşan partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın davamlı tərəqqisinə töhfə verir. Ramil Mirzəyev qeyd edib ki, YAP Xətai rayon təşkilatı da ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, gənclərin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rafiq Quluyev çıxışında partiyanın ölkənin siyasi sabitliyinin qorunmasında, sosial-iqtisadi inkişafın təmin olunmasında və milli həmrəyliyin möhkəmləndirilməsində xüsusi rolunu vurğulayıb. O, YAP-ın dövlətçilik ənənələrinin qorunmasında və müasir Azərbaycanın uğurlarında aparıcı siyasi qüvvə olduğunu qeyd edib.

Milli Məclisin deputatları Mixail Zabelin, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva çıxışlarında partiyanın cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən güclü siyasi platforma olduğunu qeyd edərək, YAP-ın ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, YAP daim milli maraqları rəhbər tutaraq dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində prinsipial mövqe sərgiləyib. Deputatlar partiyanın həyata keçirilən sosial layihələrdə, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılmasında xüsusi rol oynadığını diqqətə çatdırıblar. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib, beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Natiqlər YAP-ın bu uğurlarda aparıcı siyasi qüvvə kimi fəal iştirak etdiyini, ölkənin davamlı inkişaf strategiyasının həyata keçirilməsində mühüm dəstək göstərdiyini bildiriblər.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli çıxışında partiyanın keçdiyi şərəfli inkişaf yolundan danışaraq, YAP-ın xalqın etimadını qazanan siyasi təşkilat kimi daim milli maraqlara xidmət etdiyini bildirib.

Akademik Vaqif Abbasov isə çıxışında elm və təhsil sahəsində həyata keçirilən ardıcıl islahatların, innovativ inkişaf strategiyasının və müasir texnologiyaların tətbiqinin ölkənin ümumi tərəqqisinə mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahəyə göstərilən diqqət Azərbaycanın rəqabətqabiliyyətli iqtisadi modelinin formalaşmasına xidmət edir.

Tədbir çərçivəsində partiya sıralarında fəallığı ilə seçilən bir qrup YAP üzvü Fəxri fərmanla təltif edilib və partiyanın sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib və YAP-ın himninin səsləndirilməsi ilə yekunlaşıb.

Chosen
32
azertag.az

1Sources