EN

Paşinyanın sülh gündəliyi: Seçkilərə qədər imzalanacaq müqavilə, yoxsa gecikən ümidlər?

Ermənistan hakimiyyətinin gündəliyində parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması var. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

“Mənim belə bir gündəliyim var. Gəlin, qavrayışlardan danışmayaq. Ötən ilin mart ayında müzakirələr (sülh müqaviləsi layihəsi ilə bağlı) başa çatdığı üçün ötən ilin dekabr, oktyabr və aprel aylarında imzalanma gündəliyə daxil idi. Ona görə də biz işimizi davam etdirəcəyik”, – deyə Paşinyan bildirib.

Elçin Xalidbəyli

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması, insan hücumlarının qarşısının alınması və fəaliyyət planlarının tənzimlənməsi istiqamətində atdığı addımlar, rəsmi İrəvanın bu niyyəti həyata keçirməyə hazır olduğunu göstərir:

“Lakin əsas məsələ bu niyyətin hansı vaxt çərçivəsində reallaşa biləcəyidir. Hazırda Azərbaycanın və Ermənistanın razılığı ilə sülh sazişinin imzalanma ehtimalı hələ ki yüksək deyil.

Ermənistan hələ də öz siyasi hədəflərini qoruyur və Paşinyanın mövqeyi, həmçinin digər siyasi amillər sazişin dərhal imzalanmasına mane olur.

Sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın yeni konstitusiyası qəbul edilməli və bu konstitusiyada Azərbaycanın ərazi iddiaları ilə bağlı müddəalar ləğv olunmalıdır. Yəni yekun sülh yalnız Ermənistanın bu şərtləri qəbul etməsi ilə mümkün ola bilər”.

Ekspert qeyd edib ki, Paşinyanın nümayəndələri bildirib ki, yeni konstitusiya mart ayına qədər hazır olacaq:

“Lakin onun mətni dərhal müzakirəyə çıxarılmayacaq, referendum isə yalnız bundan sonra keçiriləcək.

Yeni konstitusiyada Azərbaycanın ərazi iddialarına dair müddəalar olmayacağı təqdirdə, sülh sazişinin imzalanması mümkün olacaq.

Bu proses nəzərə alındıqda, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin təxminən ilin sonlarına doğru imzalanması gözlənilir”.

Tunar
NOCOMMENT.az

Chosen
140
nocomment.az

1Sources