Sherg.az saytına istinadən ain.az xəbər verir.
ABŞ ordusunun, Prezident Donald Trumpın göstərişi olarsa, İrana qarşı həftələrlə davam edə biləcək hərbi əməliyyatlara hazırlaşdığı bildirilir.
Sherg.az xəbər verir ki, Reuters-ə danışan iki amerikalı rəsmi, planlaşdırmanın həssaslığı səbəbindən adlarının açıqlanmaması şərtilə məsələni şərh edib.
Rəsmilər mümkün hücumun iki ölkə arasında indiyədək görülənlərdən daha ciddi qarşıdurmaya çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Açıqlamalar Vaşinqtonla Tehran arasında diplomatik təmasların davam etdiyi bir vaxtda səslənib. ABŞ və İran diplomatları ötən həftə Omanda Tehranın nüvə proqramı ilə bağlı diplomatik prosesi canlandırmaq məqsədilə görüş keçiriblər.
Lakin Tramp administrasiyasının bölgəyə hərbi qüvvə toplaması yeni hərbi əməliyyat ehtimalı ilə bağlı narahatlıqları artırıb.
Pentagonun Yaxın Şərqə əlavə bir təyyarədaşıyan göndərdiyi, minlərlə əsgər, döyüş təyyarələri, idarəolunan raket esminesləri və həm hücum, həm də müdafiə imkanlarına malik digər hərbi vasitələrin bölgəyə yerləşdirildiyi açıqlanıb.
Tramp hərbi bazada çıxışı zamanı İranla razılaşmanın “çətin” olduğunu deyərək, “Bəzən qorxu lazımdır. Vəziyyəti həqiqətən həll edəcək yeganə şey budur”, – bildirib.
Ağ Evin sözçüsü Anna Kelly isə İran məsələsində “Prezident Trampın bütün variantları masadadır” mövqeyini qoruduğunu deyib.
ABŞ ötən il İranın nüvə obyektlərinə qarşı hücumlar zamanı bölgəyə iki təyyarədaşıyan göndərmişdi.
İyun ayında keçirilən Midnight Hammer (“Gecə Yarısı Çəkici”) əməliyyatı ABŞ-dən qalxan “stealth” bombardmançıların İrandakı nüvə obyektlərini vurduğu birdəfəlik hücum kimi qeydə alınmışdı.
İran buna Qətərdəki ABŞ bazasına məhdud cavab zərbəsi ilə reaksiya vermişdi. Rəsmilərə görə, bu dəfə üzərində işlənən plan daha mürəkkəbdir.
Rəsmilərdən biri bildirib ki, uzunmüddətli əməliyyat çərçivəsində ABŞ ordusu yalnız nüvə infrastrukturunu deyil, İran dövlətinə və təhlükəsizlik qurumlarına məxsus obyektləri də hədəfə ala bilər. Lakin detalları açıqlanmayıb.
Ekspertlər İranın güclü raket potensialı səbəbindən belə əməliyyatın ciddi risklər daşıdığına diqqət çəkirlər. İranın cavab zərbələrinin regional münaqişə riskini artıracağı vurğulanır.
Həmin rəsmi Vaşinqtonun İranın mütləq cavab verəcəyini proqnozlaşdırdığını və bunun müəyyən müddət qarşılıqlı hücum və cavab zərbələrinə səbəb ola biləcəyini bildirib. Ağ Ev və Pentaqon mümkün cavab və regional müharibə riski ilə bağlı sualları cavabsız qoyub.
Tramp İranın nüvə və ballistik raket proqramı, eləcə də müxaliflərə qarşı təzyiqlər səbəbindən Tehrana qarşı dəfələrlə bombardman hədəsi səsləndirib. Cümə axşamı açıqlamasında diplomatik həllin alternativini “çox ağır” adlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə İran ərazisinə hücum olacağı təqdirdə ABŞ-nin bölgədəki bütün hərbi bazalarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
İsrailin Baş naziri Benjamin Netanyahu də çərşənbə günü Vaşinqtonda Tramp ilə görüşüb. Netanyahu İranla mümkün razılaşmanın “İsrail üçün həyati əhəmiyyət daşıyan elementləri əhatə etməli olduğunu” bildirib.
Tehran isə nüvə proqramına müəyyən məhdudiyyətlər qoyulması müqabilində sanksiyaların ləğvi şərtilə danışıqlara hazır olduğunu, lakin raket proqramının bu prosesə daxil edilməsini qəbul etmədiyini açıqlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.