EN

Milli Məclisin iclasında...

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi” dinlənilib

Fevralın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfərinin önəmini vurğulayıb. Tarixi əhəmiyyət daşıyan bu səfər Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açıb. Onun sözlərinə görə, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır. Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və milli maraqlara hörmət əsasında iş birliyini genişləndirmək niyyətini əks etdirir.

Sahibə Qafarova: ABŞ-ın dəstəyi Cənubi Qafqazda sülhün bərqərar edilməsində müstəsna rol oynayır

S.Qafarova qeyd edib ki, dünyanın ən qüdrətli dövləti ilə ölkəmizin əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi bir çox cəhətdən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti sayəsində mümkün olub: “Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional enerji-nəqliyyat layihələrinin əsas iştirakçısı, müstəqil xarici siyasət yeridən bir dövlət kimi böyük nüfuz qazanıb. Bu gün bölgəmizin dərin dəyişikliklərə məruz qaldığı bir şəraitdə Azərbaycan konstruktivlik və məsuliyyətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Biz Ermənistanla Azərbaycan arasında sülh yaradılmasına  Birləşmiş Ştatların, xüsusən Prezident Donald Trampın verdiyi töhfəni yüksək qiymətləndiririk. ABŞ-ın dəstəyi Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar edilməsində müstəsna rol oynayır, iqtisadi inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar açır”.

Spikerin fikrincə, vitse-prezident Vensin səfəri göstərdi ki, Azərbaycanın və ABŞ-ın Cənubi Qafqaz regionunun gələcək inkişafı ilə baxışları bir-birinə yaxındır. Bizim əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də Xəzər dənizindən Avropaya qədər geniş bir bölgənin maraqlarına xidmət edir. “Əminliklə söyləmək olar ki, səfər çərçivəsində əldə edilmiş razılaşmalar Amerika-Azərbaycan münasibətlərinin ardıcıl və dinamik  inkişafını təmin edəcək, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradacaq”,-deyə spiker vurğulayıb.

İclasda ilk olaraq, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi” dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib. O bildirib ki, ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da müsbət nəticələr əldə edilib. Yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən ölkə üzrə bələdiyyələrin sayı 1606-dan 685-dək azaldılıb. Həmçinin birləşən bələdiyyələrin əmlaklarının ayrı-ayrılıqda siyahıya alınaraq hüquq varisliyi qaydasında akt əsasında yeni yaradılan bələdiyyələrə təhvil verilməsi, komissiya üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi və kargüzarlıq işinin düzgün təşkil edilməsi kimi məsələlərlə bağlı komissiyalara zəruri tövsiyələr verilib.

Toğrul Hüseynov: Ötən il 3 min hektardan çox torpaq sahəsi sahibinə qaytarılıb

Nazir müavini deyib ki, 2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81 min 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2 faizinin qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Onun sözlərinə görə, normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib: “Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”.

T.Hüseynov diqqətə çatdırıb ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələr qeydə alınıb. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26 faiz (7,2 milyon manat) çox vəsait daxil olub. “Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib. Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edilib ki, 2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılması üçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinə uyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilir. Artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb: “2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.

Müzakirələrdən sonra illik məruzə qəbul olunub.

Əmək Məcəlləsində hansı dəyişiklik edildi?

Sonra millət vəkilləri Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər. Bildirilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.

Qeyd olunanlar nəzərə alınaraq, Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb. Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək.

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif edilən dəyişikliklər də üçüncü oxunuşda qəbul olunub. Qeyd edilib ki, mövcud “Onkoloji yardım haqqında” Qanunun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Təklif edilən yeni dəyişikliklər nəticəsində isə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək.

Cəzaların İcrası Məcəlləsinə isə birinci oxunuşda dəyişiklik edilib. Layihəyə əsasən, məcəllənin 24-cü maddəsi yeni redaksiyada verilir. Həmin maddəyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçiriləcək. Bu halda cərimə, ilk növbədə, məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilir və bu halda “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.

Qeyd edək ki, deputatlar gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

1Sources